blogpost-title

İdarəetmə

Kommunikasiya

Xoşun gəlmirsə, qapı açıqdır

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

İdarəetmə ustadlığı əksər hallarda qızıl ortanı tapmaq bacarığıdır. Sərtlik və yumşaqlıq, təqdir və tənqid, mükafatlandırma və cəzalandırma arasında balansdan söhbət gedir. Yaxşı rəhbər bunların hər birindən istifadə etməyi bacarmalıdır. İlkin baxışdan bu çox sadə gəlir, amma təcrübədə belə deyil. Tez-tez bu və ya digər tərəfə meyillilik olur. Ya rəhbər çox sərt olur və bütün məsələləri “qılınc”la həll etməyə cəhd edir, ya da əksinə “qırmızı kart”ını həmişəlik unudur. İdarəetmə bacarıqlarına dair təlimlərimizdə hər zaman vurğulayırıq ki, yaxşı idarəçi lazım gələndə yumruğunu masaya vuraraq qərarını icraya yönəltməyi də, ehtiyac olanda işçiyə qarşı ən sərt cəza növü olan işdən çıxartmağı da tətbiq etməyi bacarmalıdır və rəhbərin tərəddüd etmədən lazım gəldikdə bu tədbirlərə əl ata biləcəyini əməkdaşlar da bilməlidirlər. Amma bu alətlər daha çox fövqəladə hallarda tətbiq olunmalı, gündəlik iş silahına çevrilməli deyillər.

İşçilərə hər səhvi keçməyin, davamlı əlavə şans verməyin tərəfdarı deyiləm. İdarəetmə barədə ədəbiyyat ikinci dəfə təkrarlanan pozuntunun artıq cəzalandırılmalı olduğunu deyir. Lakin lazım gəlib-gəlmədikdə hər kəsi daim şirkətin qapısı ilə hədələmək rəhbərin qətiyyətindən çox, onun acizliyi və idarəçi bacarıqsızlığının göstəricisidir. Belə davranışa özlərini şirkətlərinin hökmdarları hesab edən şirkət sahibləri ələlxüsus çox yol verirlər. Amma bəzən muzdlu, xüsusən təcrübəsiz idarəçilər də bu səhvi buraxırlar. Rəhbər dərk etməlidir ki, kiminsə işdən qovulması ən son cəza tədbiridir və həmin məsuliyyətli qərarı yalnız zəruri olan bütün idarəetmə alətlərindən artıq istifadə etdiyindən əmin olduqda verə bilər. Bu yanaşma verilən qərarlara da aiddir. Gündəlik iş həyatında əməkdaşlar rəhbərin qərarlarının məntiqini başa düşməlidirlər və anlaşılmazlıq olan hallarda rəhbər bu məntiqi izah da etməlidir. İş həyatında “bu mənim nazımdır” nəzərdə tutaraq “bu mənim qərarımdır” demək düzgün yanaşma deyil. Amma burada da qızıl ortanı itirib hər qərarı “demokratik müzakirə”yə çıxarmaq da lazım deyil. Kimin rəhbər və verilən qərarlara görə məsul şəxs olduğunu heç kim unutmalı deyil.