blogpost-title

İdarəetmə

Korporativ mədəniyyət

Yeni işçi sehrbaz deyil

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Yəqin bir çoxlarınız belə halla qarşılaşmısınız ki, bəzən işə qəbul olunan təcrübəli işçidən sanki bir möcüzə gözləyirlər. Ona rahatlıqla həmin işi görən əvvəlki işçiyə verilməsində imtina olunmuş əmək haqqından da yüksək əmək haqqı və digər güzəştlər verilir. Həmin şəxsin bütün təklifləri, köhnə əməkdaşlardan fərqli olaraq, diqqətlə dinlənir və müsbət qarşılanır. Rəhbərlik onun rəyinə çox yüksək dəyər verir və həmin şəxs müəyyən müddətə əzizciyəzə çevrilir. Keçmiş həmkarlarımdan biri demişkən adətən bu “roman” 3 aya yaxın davam edir. Sonra ya yeni təcrübəli işçi işə qəbul olunur və “əzizcik” statusu ona keçir və ya möcüzənin baş vermədiyini görən rəhbərlik işçiyə qarşı soyuyur və hər şeyi əvvəlki kimi davam edir.

Hər kəsə inanmaq xoşdur ki, işlərin düz getməməsinin səbəbləri işçilərin zəif və təşəbbüssüz olmasından irəli gəlir. Mövcud problemlər özümüzlə bağlı deyil, bizim idarəetmə tərzimizin təzahürü deyil. Həm də hamımızın daxilində möcüzələrə inanan bir uşaq yaşayır. Ona görə də əksəriyyət hesab edir ki, işə düzgün kadr cəlb etsə bir anda sehrli dəyişiklik baş verəcək və zəif departament dərhal nəticə verməyə başlayacaq, satılmayan məhsul satılmağa başlayacaq, brak faizi aşağı düşəcək və s. Şübhəsiz ki, kadrlar böyük rol oynayır və bəzən qısa müddətli effekt verə bilirlər. Bunun əsas səbəbi yeni əməkdaşın keçmiş təcrübəsinin tətbiqi olur. Amma şirkətdəki mühit yaradıcı və təşəbbüskar olmağa şərait yaratmırsa, idarəetmə sistemli deyilsə, yeni işin motivasiya effekti azaldıqca əksər işçilər ümumi ab-havaya uyğunlaşmağa başlayır. İdarəetmə sistemi fərdlərdən çox asılı olan şirkətlərdə isə həmin yeni işçilər işdən ayrıldıqda onların təcrübələri hesabına əldə olunan müsbət effekt də onlarla birgə itir.

Beləliklə, şirkət miqyasında keyfiyyət sıçrayışı üçün tək yeni kadrların cəlb edilməsi azdır. Ümumi idarəetmə sistemi və korporativ mədəniyyətdə dəyişiklik lazımdır. İşlərin indiki kimi getməsinin səbəblərini aradan qaldırmaqla, ola bilsin ki, müsbət dəyişikliklərə elə əvvəlki işçilərlə də nail olmaq mümkün olsun və bahalı yeni kadrların cəlb edilməsinə ehtiyac olmasın. Lakin bu çətin yoldur, daha asanı – bahalı yeni işçi cəlb etməklə möcüzəyə inanmaqdır.