blogpost-title

İdarəetmə

Korporativ mədəniyyət

İş yeri həbsxana deyil

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Bir çoxları üçün təsvir edəcəyim vəziyyət dəhşətli, inanılmaz və bəlkə də, gülməli gələcək. Amma bəzi şirkətlərdə iş vaxtı ərzində müəssisənin ərazisindən çıxmaq qadağandır və bu məhdudiyyət nahar fasilələrinə belə şamil olunur. Hüquqi baxımdan bu qaydanın sual doğurduğunu bir kənara qoyub məsələyə idarəetmə tərəfindən baxaq.

Əksər əməkdaşlar vaxtamuzd əməyin ödənilməsi sistemi ilə çalışır, yəni işgötürənlər onların işə sərf etdiyi vaxta görə əməkhaqqı ödəyirlər. Məntiqlidir ki, əməkdaşların işdə olduğu vaxta xüsusən nəzarət edilir. Bu işi həm mükəmməl, həm də asan görməyə, istənilən sayda giriş-çıxışı nəzərə almağa xidmət edən, on illərlə mövcud olan müxtəlif nəzarət sistemləri var. Nahar fasiləsi isə əməyin ödənilməsi sistemlərinin hamısında işçiyə aiddir. Əməkdaşa fasilə zamanı müəssisənin ərazisini tərk etməyə qadağa qoyulması və ya bunun xüsusi icazə forması ilə məhdudlaşdırılması məntiqsiz və əsassızdır. Sanki iş yeri bir həbsxanadır və bu sistem işçilərin konstitusion azadlıq hüququnu məhdudlaşdırır.

İşəgötürən bu cür qayda tətbiq etməklə sərt idarəetmə həyata keçirdiyinin təəssüratını yaratmağa çalışır ki, bu da guya müəssisədə ümumən nizam-intizamın və məhsuldarlığın daimi yüksək səviyyədə saxlanmasına xidmət edir. Reallıq isə odur ki, işçinin işdə olması onun işlə məşğul olmasının təminatı deyil. Ona görə bütün fokusun tək davamiyyətə yönləndirilməsi məsələnin əsassız bəsitləşdirilməsidir.

Sizcə, özünü “dustaq” hiss edən əməkdaş nə dərəcədə məhsuldar olacaq? Məhsuldarlığı təmin edən əsl alətlər var, amma onların tətbiqi rəhbər heyətdən daha çox bacarıq və səy tələb etdiyinə görə bəziləri yanlış, amma sadə yolu seçir və unudurlar ki, mahiyyət xarici görünüşdən daha əhəmiyyətlidir.