blogpost-title

Personal development

Həyatımız öz əlimizdədir

Author: Shahin Gadimli (shahin.gadimli@fcg.az)

Etiraf edim ki, bədbin insanları müəyyən dərəcədə başa düşmürəm. Ola bilər ki, bu mənim nikbin təbiətimdən irəli gələn həyat fəlsəfəmlə bağlıdır. Belə ki, hər zaman hesab etmişəm ki, həyatda əksər şeylər mümkündür və bu, əsasən, özümüzdən asılıdır. Cavanların bədbin olması isə xüsusən məyus edir. Həyatın bu çağında enerji çox, planlar isə uzaq gedən olur. Yəni bədbinlik heç uyğun gəlmir. Ünsiyyətdə olduğum cavanların bir qismi nədənsə gələcəklərinə ümidsiz baxırlar. Onlar ya iş tapa bilmirlər, ya da mövcud işlərindən narazıdırlar: iş şəraitinin ağır, əməkhaqqının aşağı, mühitin ədalətsiz olduğunu və sair hesab edirlər.

Həqiqətən də, bəzən hər iki problem baş verir. Belə ki, bir çox müəssisə təcrübəli, hazır kadr işə qəbul etməyə çalışır. Belə bir məntiqli sual yaranır ki, bəs iş stajı olmayanlar necə olsunlar. Amma burada da çıxış yolu var. Çoxlu sayda könüllülük və təcrübə proqramları iş təcrübəsi toplamağa, iş mühitini hiss etməyə, faydalı, praktiki bacarıqları öyrənməyə imkan verir. Bu şəxslər həmin proqramların yekununda artıq tam təcrübəsiz hesab olunmurlar və onların iş tapmaq şansları artır. Özlərini çox yaxşı nümayiş etdirənlər isə bəzən elə həmin qurumlarda iş həyatlarına başlayırlar.

İşlərindən narazı olanlara gəldikdə isə birincisi, bizə hər zaman elə gəlir ki, biz olmayan yer olduğumuzdan daha yaxşıdır. İkincisi, əgər, doğrudan da iş yerimizdə obyektiv çatışmazlıq varsa, ya vəziyyəti dəyişməyə çalışmalıyıq, ya da alternativ axtarmalıyıq. Başqa iş tapmaq çətindir? Bəli, çətindir, amma bizə bu prosesi asanlaşdırmaq və əmək bazarında yüksək tələbata uyğunlaşmaq üçün özümüzü inkişaf etdirməyə heç kim mane olmur.

Ümidi heç zaman itirmək olmaz. Təslim olmayaq, tədbir görək və hər şey istədiyimiz kimi olacaq!