blogpost-title

Management

Communication

Koordinasiya toplantılarına ehtiyac varmı?

Author: Shahin Gadimli (shahin.gadimli@fcg.az)

İş yerlərində müxtəlif toplantılar olur. Bəzi rəhbərlər toplantı keçirməyi həddindən artıq sevir, bəziləri isə mümkün qədər onlardan uzaq durmağa çalışır. Hər zaman olduğu kimi, bu mövzuda da optimal davranış haradasa ortalardadır. Toplantılar, xüsusən, koordinasiyanı təmin etmək məqsədilə təşkil olunan toplantılar vacib və faydalıdır. Onların alternativ variantı rəhbərin hər bir əməkdaşla fərdi görüşməyi və eyni məlumatı təkrarlamağı və beləcə, vaxt itirməyidir. Düzdür, elə rəhbərlər var ki, işçilərin yalnız məlumatın onlara aid olan hissəsi barədə bilgili olmasını düzgün hesab edirlər. Amma mən fərqli yanaşmanın tərəfdarıyam. İşçilər şirkət, struktur bölmə daxilində baş verənlər barədə nə qədər çox məlumatlı olarsa, bir o qədər gələcək fəaliyyətləri gözləntilərə daha yaxın olar.

Toplantıların işçilər üçün də faydası var. Elə adam var ki, rəhbərlə fərdi görüş zamanı ideya səsləndirməyə çəkinir, lakin toplantıda digər həmkarların aktivliyini görüb ruhlanır. Bəzən aldıqları məlumatla bağlı hər hansısa bir işçidə yaranan vacib sual digərində yaranmır. Həmin sual toplantıda veriləndə cavab hər kəslə paylaşılır.

Şirkətdə, struktur bölmədə ənənələrin olması da vacib bir məsələdir. Müntəzəm keçirilən toplantılar belə işgüzar ənənələrdən biridir. Təbii ki, yalnız effektiv toplantılar müsbət ənənə kimi dəyərləndirilə bilər. Çalışdığım şirkətlərdə hər zaman belə ənənələrin formalaşmasına can atmışam və çox vaxt da bu, uğurlu alınıb. Xüsusən, sevindirici hal odur ki, sən iş yerindən ayrılırsan, bünövrəsini qoyduğun ənənə isə yaşamağa davam edir.

Yekunda onu da vurğulayım ki, koordinasiya prosesi sistemli idarəetmənin mühüm bir hissəsidir və toplantılar da onun ən effektiv icra mexanizmlərindəndir.