blogpost-title

Management

Communication

Corporate culture

Nizam və xaos

Author: Shahin Gadimli (shahin.gadimli@fcg.az)

Sahibkarların ən çox verdikləri suallardan biri: biznesə maksimal dəyər qatmaq üçün şirkətdəki biznes proseslərin sənədləşdirilməsi nə dərəcədə hərtərəfli olmalıdır?

Cavab birmənalı deyil. Şirkət yeni yarananda komandası çox kiçik olur, hər kəs bir-biri ilə ünsiyyətdə olur və bir ailə mühiti yaranır. Bu mərhələdə sənədləşməyə ehtiyac olmur və işlər normal gedir. Şirkət böyüdükcə və idarəetmə iyerarxiyasında müəssisə rəhbəri və işçilər arasında rəhbər heyət əmələ gəldikcə proseslərin formallaşdırılmasına tələbat yaranır. Belə ki, yazılmayan, lakin hər kəs üçün bundan əvvəl aydın olan qaydalar bu mərhələdə işləməməyə başlayır. Əsas proseslər düzgün sənədləşdirilirsə və işçilərə kommunikasiyası keyfiyyətli aparılırsa, bu dərhal müsbət effekt verməyə başlayır, axsamalar aradan qalxır. Bunu görən rəhbər bəzən “həddindən artıq nizamlama” tələsinə düşür. Yəni, işçilərin hər addımının sənədləşdirilməsinə cəhd edilir və onlar çox dar çərçivələrə salınır. Müsbət tərəf ciddi nizam-intizamın olması, bütün işlərin müəyyən tələblərə uyğun görülməsidir. Lakin biznes çox dinamikdir. Qaydalar isə yeniliklər baş verdikdən sonra hazırlandığı üçün həmin yeniliklərlə qarşılaşan işçilər bəzən onların qarşısında aciz qalır. Belə ki, həddindən artıq nizamlama şəraitində təşəbbüskarlığa, tələb olunduqda müstəqil hərəkət etmə bacarığına ciddi zərbə vurulur. Bununla yanaşı bəzi psixoloji tiplərə aid insanlar ümumən bu cür mühitdə işləyə bilmir.

Bir çox şirkətlərimizdə nə nizam, nə də xaos vəziyyətidir. Tənzimləyici sənədlər var, lakin reallığı əks etdirmir və bunu bilən işçilər onlara uyğun işləmir, bunu bilən rəhbərlər isə həmin işçilərin bu cür davranışına göz yumur. Belə sənədlər nizamdan çox xaosa xidmət edir. Bu cür vəziyyətə adətən tənzimləyici sənədlərin xüsusi layihələr çərçivəsində hazırlanması və şəraitin dəyişməsinə baxmayaraq ilkin formada qalması gətirir. Halbuki, nizamın faydalı olmasının əsas şərti odur ki, sənədlər daim aktual olsun.

Hesab edirəm ki, sənədləşmə optimal effektini ağlabatan dərəcədə prosesləri tənzimləyəndə verir.