blogpost-title

Management

Communication

Rəhbər üçün sınaq

Author: Shahin Gadimli (shahin.gadimli@fcg.az)

Bəzən işçilər yarızarafat-yarıciddi rəhbərə birbaşa müraciət edərək və ya onun eşitdiyindən əmin olaraq öz aralarında müxtəlif yersiz təkliflər səsləndirirlər. Məsələn, cümə günü işdən 1 saat tez çıxmağın daha yaxşı olacağını və ya 15 dəqiqə gecikməyin problem olmadığını deyirlər. Bəzən rəhbər şəxslər müasir demokratik yanaşmaları nümayiş etdirmək məqsədilə belə müraciətlərə reaksiya vermir və ya işçilərlə birgə gülür. Əslində, belə mövzuların ortaya çıxması rəhbərin işçilər tərəfindən sınağa çəkilməsidir. Onlar bu şəkildə vəziyyəti yoxlamağa cəhd edirlər. Hətta bəziləri bunu şüursuz edir. Amma rəhbərin bu qəbildən olan mövzulara qeyri-ciddi reaksiyası bir çoxlarına eyni əmələ gələcəkdə də neytral yanaşılacağını düşünməyə əsas verir. Şübhəsiz ki, həmin fikir müvafiq əməlin tezliklə icra olunmasına səbəb olur. Nəzərə alsaq ki, əksər rəhbərlər ilk pozuntuya nisbətən yumşaq reaksiya verir, həmin əməlin gələcəkdə təkrarlanması ehtimalı bir qədər də artır. Nəticədə isə yanlış ənənə formalaşır və onu sonradan aradan qaldırmaq heç də asan olmur.

Bu tələyə düşməmək üçün rəhbər şəxslər işçilərin yanlış davranışına səbəb ola biləcək zarafatlarına lap əvvəldən düzgün reaksiya verməlidir. Təbii ki, töhmət və digər tənbehlərə ehtiyac yoxdur. Sadəcə, rəhbər mənfi reaksiyasını işçilərə qeyri-verbal və ya verbal siqnallarla ötürməlidir. Adətən, əməkdaşlar onları idarə edən şəxsin reaksiyasını çox diqqətlə izləyir və bunu yaxşı hiss edirlər.

Rəhbər daim komandasını nəzarətdə saxlamalı və intizamın pozulmasına gətirib çıxaracaq kiçik siqnallara belə dərhal reaksiya verməlidir. Nizamı yaratmaq çətin, zəiflədib məhv etmək isə çox asandır.