blogpost-title

Management

Personal development

Tək əzmkarlıq nəticənin təminatı deyil

Author: Shahin Gadimli (shahin.gadimli@fcg.az)

Bizə uşaqlıqdan öyrədirlər ki, çox işləmək mütləq bəhrə verir. Bu tərzdə tərbiyə alan sahibkarlar biznes qurub gərgin çalışmağa başlayırlar. Çoxlu belə insan tanıyıram ki, gecələrini gündüzlərinə qatıb əzmkarlıqla bizneslərini inkişaf etdirməyə çalışırlar. Amma onlardan heç də hər biri uğurlu olmur. Bəzilərinə tez ruhdan düşmək mane olur. Lakin uğur əldə etməyənlərin əksəriyyəti kifayət qədər uzun müddət və əzmlə çalışırlar, amma yenə də istədikləri nəticəni əldə etmirlər. Bir çox halda tipik səhv səylərin yanlış istiqamətə yönəldilməsidir.

İdarəetmə barədə bir kitabdan yadımda qalmış bir misal gətirim. Artezian quyusunu qazarkən əzmkarlıqla bu işi texnika cəlb etməklə də, kürəklə də, qaşıqla da görmək olar. Razılaşın ki, əzmkarlıq dərəcəsinin eyni olmasına baxmayaraq, qaşıqla işlədikdə əldə olunan nəticə çox zəif olacaq. Hələ mən demirəm ki, quyunun harada qazılmalı olması, düzgün kəşfiyyat olunması yekunda uğur ehtimalını nə dərəcədə yüksəldir. Biznesdə də elədir. Əzmkarlıq lazımdır, amma tək olanda azdır. Aydın hədəf vacibdir, düzgün alət, plan lazımdır və sairə. Rəqabətlə dolu “qırmızı dəniz”də biznes qurmaq birdir, təklif olunan məhsulun tamamilə tək olduğu “mavi dəniz” şəraitində biznesə başlamaq tamamən başqadır. Sahibkar hədəf müəyyən edib, başını salıb hər şeyə rəğmən o istiqamətdə getməli deyil, müntəzəm dayanıb keçilən yolu, düzgün və yanlışları, digərlərin davranışlarını dəyərləndirməli, planında zəruri korrektələr edib yolunu davam etməlidir. Onda uğur əldə etmək ehtimalı yüksəlir. Aralarında fərq nə qədər incə olsa da, inadkarlığı tərsliklə səhv salmaq lazım deyil.