blogpost-title

Management

Communication

Yaxşı əməkdaşla pis vidalaşma

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Yaxşı işçilər bu və ya digər səbəbdən işdən ayrılmaq barədə qərar verdikdə bununla bağlı rəhbərlərindən emosional reaksiya, fikirlərindən daşındırmaq cəhdlərini gözləyirlər. Çünki onlar da, hər kəs kimi, sözdə əvəzolunmaz əməkdaşın olmadığını desələr də, bəziləri ürəklərində bu qaydadan özlərinin istisna olduğuna inanırlar. Hətta zaman keçdikcə əvəz olunacaqlarına inananlara da rəhbərlərin onları saxlamaq cəhdləri xoşdur və özgüvənlərini artırır. Vay o günə ki, rəhbər heç bir reaksiya verməsin, əməkdaşı getməməyə sövq etməsin, dərhal xeyir-duasını verib uğurlar arzu etsin! Yaxşı işçiyə bundan sərt təhqir ola bilməz. Rəhbərin motivlərindən asılı olmadan işçinin bütün ümidləri boşa çıxır, ona elə gəlir ki, fəaliyyətinə layiqli qiymət verilməyib və o özünü aldanmış hiss edir. İşdən ayrılmaq barədə qərarla bağlı bütün tərəddüdlər dərhal yox olur. Köhnə rəhbərə və çox zaman iş yerinə də qarşı inciklik əmələ gəlir.

Rəhbərin prizmasından vəziyyət bir qədər fərqli görünür. Əməkdaşı dayandırmağa cəhd etməməyin səbəbləri müxtəlif olur. Bəzən rəhbər işçinin maraqlarını üstün tutur. Başa düşür ki, əməkdaş daha böyük, daha imkanlı, daha iddialı iş yerində işləmək üçün yetişib, cari iş yeri onun üçün kiçikdir və karyerasının inkişafı, layiq olduğunu alması üçün ayrılmağı yaxşıdır. Bəzən də olur ki, rəhbər özü əməkdaşdan ayrılmaq barədə qərar qəbul etdiyinə görə inciyir və məhz bu səbəbdən onun fikrini dəyişdirməyə cəhd etməyi uyğun hesab etmir. Elə rəhbərlər də var ki, sadəcə təbiətcə sakitdir və emosiyalarını heç nümayiş etdirmirlər: ürəklərində fırtına, simalarında günəş. Şübhəsiz ki, qeyri-sağlam yanaşmaları ilə fərqlənən və güclü işçidən canını qurtarmağa səvinənlər də olur.

İşdən gedən canla-başla vəzifəsini sonadək yerinə yetirmiş yaxşı əməkdaşı layiqli yola salmaq, onun ayrılmasının şirkət üçün itki olduğunu bildirmək rəhbər üçün ən düzgün davranışdır. Təbii ki, yeni şəraitdə işin necə qurulacağına hazırlıq görməyi də unutmaq olmaz.