blogpost-title

İdarəetmə

Optimizasiya

Bizim biznes tam fərqlidir

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Tez-tez sahibkarlar və şirkətlərin üst rəhbərliyindən belə mülahizə eşitmək olur ki, bizim biznes çox spesifikdir, heç bir başqa biznesə bənzəmir, bizdə standart idarəetmə alətləri işləmir. Bəziləri şirkətlərinin unikallığından əmindir, daha çoxu sahənin xüsusiyyətlərinə istinad edir, başqaları isə milli fərqləri ən əhəmiyyətli hesab edirlər. Bir tərəfdən razılaşmaq lazımdır ki, hər bir şirkət unikaldır. Bir çox hallarda belə fərdiləşmə çox cüzi fərqlər hesabına baş verir. Bizneslərin əsas tərəfləri eynidir və dünya miqyasında sınanmış idarəetmə vasitələri əksər şirkətlərdə uğurla tətbiq oluna bilər və müsbət nəticələr verir.

Konsaltinq layihələrimiz çərçivəsində hər hansı digər sahə və ya ölkədən təklif verəndə unikallıq mövzusu tez-tez qalxır və bunun səbəbləri kimi aşağıdakıları görürəm:

1) Həmin etirazı səsləndirənlərin çoxu bütün karyeraları boyu iqtisadiyyatın bir sahəsində fəaliyyət göstəriblər. Misal üçün, daima otelçilikdə çalışan şəxsə istehsalda tətbiq olunan metodların onun sahəsində də uğurlu olacağına əmin etmək kifayət qədər çətindir;

2) İnsanlar öz idarəetmə vərdişlərini dəyişmək istəmir. Onlar formalaşıb, tətbiq olunur və müəyyən nəticələr verir. Nə ehtiyac var ki, həmin vərdişləri dəyişdirəsən, başqa sahədə və hətta ölkədə istifadə olunan metodları tətbiq edəsən?! Burada əsas səbəb komfort zonasından çıxmamaq istəyidir;

3) İş adamları biznes konsultantının verdiyi və ilkin baxışdan kifayət qədər sadə olan məsləhətə riayət etməklə sanki qeyri-peşəkarlıqlarını, səhvlərini nümayiş etdirmiş olduqlarını düşünüb yersiz inadkarlığa əl atırlar.

Peşəkar konsultantların əsas üstünlüklərindən biri odur ki, onlar fərqli ölkə və sahələrdə fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq edir və ümumi məlumatlılıq dərəcələri adi iş adamından daha yüksək olur. Nəticədə, onlar asanlıqla uğurlu praktikanın bir ölkədən başqaya, bir sahədən digərinə, bir şirkətdən özgəsinə keçirə bilirlər. Mən tam məsuliyyətlə bəyan edə bilərəm ki, Azərbaycan biznesinin milli və sahəvi xüsusiyyəti bir mifdir və qabaqcıl idarəetmə alətləri digər ölkədə və sahədə istifadə olunduğu kimi şirkətlərimizdə də uğurla tətbiq olunur.