Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)
Əslində, biznes üçün böhran yaxşıdır. Birincisi, təbii seçmə baş verir. Geridə qalan subyektlər ona davam gətirməyib bazardan çıxırlar. Bəzən deyirlər ki, böhran ilk növbədə kiçik biznesi vurur. Bu fikirdə həqiqət də, yanılma da var. Adətən, kiçik bizneslərin “təhlükəsizlik yastığı” çox kiçik və ya heç olmur. Ona görə böhranla mübarizədə passiv, yəni sadəcə gözləmə taktikasını seçən belə subyektlər böhran uzun müddət davam etdikdə bazarı tərk edirlər. Bəzən isə tam əksinə olur. Kiçik biznes ona xas çeviklik hesabına böhran vəziyyətlərdə irilərdən uğurlu olur, yeni şəraitə daha tez uyğunlaşır, yeni imkanlardan yararlanır və sair.
İkincisi, insanlar təbiətcə tənbəldir. Kimsə daha çox, kimsə daha az, amma hamı müəyyən dərəcədə tənbəldir. Bu, evolyusiyanın bizə vurduğu damğadır. Böhranlar, adətən, səfərbər olmağa və şirkətin zəif tərəfləri üzərində işləməyə məcbur edir. Davamlı inkişafdan çox danışılsa da, real həyatda işlər yaxşı getdikdə, büdcə və planlar artıqlaması ilə icra olunduqda təkmilləşmə, boşluqların aradan qaldırılması barədə tək-tük şəxslər düşünür. Böhran isə qeyri-standart qərarlar verməyə, ağılasığmayan yerlərdə resurs tapmağa vadar edir.
Üçüncüsü, rəhbər böhranlardan keçdikcə idarəetmə ustalığı artır. Adətən, hamı əvvəlcə keçmişdə uğur gətirən idarəetmə alətlərinə əl atır. Onların işləmədiyində əmin olan rəhbər digər həll yolları axtarmalı, komfort zonasından çıxmağa məcbur olur.
Reallıq odur ki, böhranlar olub və hər zaman da olacaq. Ona görə onlardan qorxmaq yox, təbii qəbul etmək, mümkün hazırlıqlar görmək və böhran baş verdikdə uyğun idarəetmə üslublarını tətbiq etməklə biznesi daha gücləndirmək lazımdır. Axı hamı bilir ki, böhranlar eyni zamanda yeni və böyük imkanlar deməkdir.