blogpost-title

Optimizasiya

HR-ın HR olmağı üçün dəstək

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Yazılarımdan birində bir çox yerli kiçik və orta şirkətlərdə HR-ın yalnız adının olduğunu qeyd etmişdim. Belə ki, həmin müəssisələrdə, əsasən, işəqəbul, xaric olunma və kadr sənədləşməsi ilə məşğul olan “kadrlar şöbələri” mövcuddur. Sosial şəbəkələrdə yazının bəyənilməsi çoxluğun problemin mövcudluğu ilə razılaşdığını göstərir. Müsbət reaksiya verənlər arasında həm sahibkarlar, həm müəssisələrin muzdlu rəhbərləri, ən çox da insan resursları sahəsində çalışanlar var idi. Bu da onu göstərir ki, sahənin mütəxəssisləri vəziyyətin dəyişməsində maraqlıdırlar.

Yazımda əsas iki maneə qeyd etmişdim:

1) İnsan resursları üzrə mütəxəssislərinin hazırlıq səviyyəsi;

2) Şirkətlərdə rəhbərliyin müxtəlif səbəblərə görə HR-ın funksiyalarının çoxalmasını dəstəkləməməsi.

İndi daha bir əhəmiyyətli maneəni göstərmək istərdim. Bir çox kiçik və orta biznes qurumlarında insan resursları sahəsində işçi sayı azdır, kadr inzibatçılığı isə icbaridir və çoxlu vaxt alır və məhz bu amil digər HR funksiyalarının icrasında ciddi əngəldir. Bəlkə, bu vəziyyəti də rəhbərliyin kifayət dəstək verməməsi kimi dəyərləndirmək mümkündür, yəni əlavə ştatların ayrılması bu problemi həll edə bilər, lakin bir çox kiçik və orta bizneslərin maliyyə resurslarının obyektiv olaraq məhdud olduğunu etiraf etmək lazımdır.

Tezliklə şirkətlər gözlənməyən ünvandan dəstək alacaqlar. Bu yaxında təşkil olunmuş “Strateji HR Forumu”nda Dövlət Məşğulluq Agentliyinin idarə həyətinin sədri Mustafa Abbasbəyli bəyan etdi ki, agentliyin həyata keçirdiyi islahatların biri çərçivəsində şirkətlərdəki kadr inzibatçılığı üzrə işlərin əhəmiyyətli hissəsini rəhbərlik etdiyi dövlət qurumu üzərinə götürəcək. Yəni bu işlərə vaxtlarının çoxunu sərf edən İnsan Resursları struktur bölmələrində əlavə vaxt ehtiyatı yaranacaq. Dövlət bununla kadrlar şöbələrindən əsl insan resursları bölmələrinə keçidə ciddi təkan vermiş olur. Növbəti gediş özəl sektorundur. Bu fürsətdən maksimal yararlanmaq və əlavə vaxt ehtiyatını daxili kommunikasiya, işçilərin inkişafı, korporativ mədəniyyət kimi insan resursları bölmələrinin cavabdeh olduğu digər istiqamətlərə yönəltmək vacibdir.