blogpost-title

İdarəetmə

Korporativ mədəniyyət

Optimizasiya

Nəyi ölçmürsən, onu idarə etmirsən

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

İdarəetmə nəzəriyyəsində belə deyim var ki, nəyi ölçmürsən, onu idarə etmirsən. Ölkəmizin kiçik və orta biznesində bu problem çox kəskindir. Əsasən, ölçülən aylıq dövriyyə və mənfəətdir. İri bizneslərdə vəziyyət daha yaxşıdır, lakin orada da ideal deyil.

Korporativ idarəetmə sisteminin çox əhəmiyyətli hissələrindən biri biznes proseslərinin hər biri üçün əsas icra göstəricilərinin (Key Performance İndicator – KPİ) təyini və davamlı ölçülməsidir. Bu, təchizat, anbar, istehsal, satış, maliyyə və bütün digər sahələrdə həyata keçirilən proseslərə aiddir. Bunlar olmadan idarəetmə müəyyən dərəcədə intuitiv olur və bəzi işçilərin saxta işgüzar davranışına aldanmaq olur. KPİ sistemi tətbiq olunandan sonra rəhbər bir çox hallarda sürpriz nəticələrlə qarşılaşır. Daim məşğul olan işçinin heç də ən faydalı işçi olmadığı müəyyən olunur. Hər zaman şöbə rəhbərinin söz gücü hesabına aparıcı hesab edilən şöbənin icra göstəricilərinin ortadan aşağı olduğu bilinir. Əksinə də olur, ortabab hesab olunan struktur bölmənin kifayət qədər effektiv fəaliyyət göstərdiyi də məlum olduğu hallar olur.

Belə sistemin qurulması müəyyən vaxtın hər prosesin təhlilinə sərf etmək, prosesin nəticəsini real xarakterizə edən meyarların təyin olunması tələb edir. Bunu şirkət özü də, bizim kimi biznes konsultantları da cəlb etməklə edə bilər. Bəzən etiraz edirlər ki, bütün sadalananların ölçülməsi üçün əlavə vaxt və insan resursları lazımdır, onlar isə yoxdur. Sadə riyazi hesablama çox əyani nümayiş etdirir ki, biznes proseslərinin effektivliyini ölçmədən idarə olunan biznes qat-qat çox xərc çəkir, nəinki KPİ sisteminin qurulmasına və işlək vəziyyətdə saxlanmasına vəsait sərf etmiş biznes. Bu sistemin əsas üstünlüklərindən biri odur ki, icra göstəricilərinin dəyişməsi dərhal gözə çarpır və ona ay bitdikdən sonra və iş işdən keçdikdən sonra yox, elə həmin vaxt reaksiya vermək olur. Hələ mən demirəm ki, öz nəticələrini qrafikdə daim görə bilən işçinin məhsuldarlığı necə yüksəlir. Odur ki KPİ sistemi qurulması biznesin inkişafı üçün mütləqdir.