blogpost-title

İdarəetmə

O olmasın, bu olsun

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

“Nabat Talks” sahibkarlar klubu barəsində, yəqin ki, çoxları eşidib. Həmin klubun üzvüyəm, imkan olduqca tədbirlərində iştirak edirəm. “Nabat Talks” yaradıcılarından biri – İnarə xanım son görüşümüzdə çox maraqlı bir mövzuya toxundu. Ondan icazə alıb məsələni açıqlayıram. Məlum oldu ki, “Nabat Talks” platforması onun qurucularının daha böyük layihəsi olan “Alpha-Omega” şirkətinin təbliği məqsədilə yaradılmışdı. Lakin sonradan sahibkarlar tərəfindən o dərəcədə rəğbətlə qarşılanmışdır ki, öz böyük qardaşını kölgədə qoyaraq ondan daha geniş tanınan hala gəlmişdi. Ən maraqlısı odur ki, hazırda həm “Alpha-Omega”, həm də “Nabat Talks” qurucuları olan komanda daha çox “Nabat Talks” yaradıcıları kimi tanınır. Klubun uğuru həmsöhbətimi bir tərəfdən sevindirirdi, digər tərəfdən isə “Alpha-Omega” şirkətinin az tanındığı üçün məyus edirdi.

Bu əhvalatı eşidəndən sonra yadıma “Shopify" hekayəsi düşdü. Kanadalı gənclər idman inventarının onlayn satışı mağazasını açmaq istəyirlər. Bazarda mövcud olan müxtəlif hazır texniki həlləri sınayırlar və heç biri onları qane etmir. Tam istədiklərini gerçəkləşdirmək üçün texniki həlli özləri yazırlar və onlayn mağazalarını istifadəyə verirlər. Bir az vaxt keçdikdən sonra məlum olur ki, insanlara onların satdığı idman inventarından çox tətbiq etdikləri texniki həllər maraqlıdır. Fürsəti əldən buraxmamaq üçün onlar profillərini qısa zamanda dəyişib abunəlik əsasında onlayn mağazalar üçün texniki həll satmağa başlayırlar. Şirkət 2006-cı ildə qurulub, hazırda səhmləri Nyu-York Fond Birjasında satılır, “google.com”a əsasən 2021-ci il üçün gəliri 2,91 milyard ABŞ dolları təşkil edir.

Çox zaman bir işdən başqası çıxır və bəzən gözlənilmədən daha kiçiyi böyüyündən uğurlu olur. Bazarda hansı məhsulun “partlayış” yaradacağını öncədən bilmək çox zaman çətin olur. Amma istehlakçılardan müsbət siqnallar gələndən sonra imkanı əldən buraxmaq olmaz.

Bütün layihələrinizdə uğurlar arzu edirəm!