blogpost-title

İdarəetmə

Kommunikasiya

Qeyri-iş vaxtı kommunikasiya

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Son 20-25 ildə texnologiyaların inkişafı hər kəsin işgüzar kommunikasiya üçün sutkanın 24 saatı əlçatan olmasına gətirib. Əksəriyyət qeyri-iş vaxtında elektron məktub yazır da, alır da. Şübhəsiz ki, mobil telefonlar geniş yayıldıqdan və elektron poçt onlara köçdükdən sonra bu proses daha da geniş yayılıb.

Mesaj mübadiləsi aparmağa imkan verən tətbiqlər vəziyyəti bir az da qəlizləşdirib. SMS göndərən azdır, elə bil SMS daha rəsmi və ağır alətdir. “Whatsapp” mesajları isə tamamilə başqadır. Rəhbərlərin çoxu onlardan sutkanın istənilən vaxtında çəkinmədən istifadə edirlər. Sanki belə mesajı alanı da narahat etmirsən, çünki telefon zəngindən fərqli olaraq ona dərhal reaksiya verilməsi gözlənilmir, görüldüyü zaman oxunub cavablandırıla bilər. Amma əksər əməkdaşlar üçün qeyri-iş vaxtında gələn belə mesajlar da əlavə gərginlik mənbəyidir. İnsanlar istirahətdə də özlərini işdəki kimi hiss edirlər. Bunu bilən bəzi rəhbərlər əməkdaşların istirahətini qorumaq üçün elektron poçtdan istifadə etməyi davam edirlər. Lakin dərd ondadır ki, elektron məktublar da mobil telefonlara gəlir və az adam məktubu alandan sonra öz marağına qalib gəlib onu iş vaxtınadək oxumaya bilir. Lap “alicənab” rəhbərlər qeyri-iş vaxtı elektron məktub da göndərmirlər. Yazdıqları məktubları istifadə etdikləri cihazların yadında saxlayıb iş gününün əvvəli kütləvi şəkildə göndərirlər. Lakin davamlı hər həftənin birinci günü səhər saat 9-da rəhbərdən elektron poçtla çoxlu tapşırıq alan əməkdaşlar da bunu əvvəlcədən bilərək istirahətdə gərginlikdən yaxa qurtarıb dincələ bilmirlər.

Yazılanları oxuyanda sual yaranacaq ki, indi nə edək, əməkdaşlarımıza tapşırıq verməyək? Təbii ki, verək. Amma mümkün qədər yalnız iş vaxtında. Çünki rəhbərin əməkdaşlarla nə dərəcədə yaxşı münasibətləri olursa-olsun qeyri-iş vaxtı onların şəxsi zamanıdır, o cümlədən işdə məhsuldar olmaları üçün onların yaxşı həm fiziki, həm də mənəvi istirahət etməsinə ehtiyac var. Məsələ o dərəcədə kəskinləşib ki, bəzi ölkələrin əmək qanunvericiliyi əməkdaşları qeyri-iş saatlarında narahat edilməsini artıq qadağa edir.