blogpost-title

İdarəetmə

“Qırmızı okean”da uğur qazanmaq daha asandır

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Yəqin ki, çoxları “Mavi okean” strategiyası ilə tanışdır. Onun müəllifləri Biznes İdarəetmə üzrə Avropa İnstitutunun (INSEAD) professorları W. Chan Kim və Renée Mauborgnedir. Çox qısa təsvir etsək, “Qırmızı okean” o bazardır ki, orada güclü rəqabət var, “Mavi okean” isə rəqabət heç olmayan və ya çox zəif olan bazardır. Hazırda çoxdan tanınan məhsullar üzrə mövcud “Mavi okean”lar, demək olar ki, yoxdur. Müəlliflərin əsas ideyası ondadır ki, yeni biznes-ideyalar vasitəsilə mövcud olmamış tələbat və yeni bazar, yəni “Mavi okean” yaratmaq lazımdır və əsas resurslar rəqabət əvəzinə mal və xidmətin müştəri üçün dəyərliyini artırmağa sərf olunmalıdır. Məsələn, Finlandiyanın texnoloji şirkəti olan “Wolt” yemək çatdırılması sahəsində bir inqilab edərək yeni “Mavi okean” yaradıb və bunun hesabına sürətlə inkişaf edir. 2014-cü ildə təsis edilmiş bu şirkət hazırda 25 ölkədə fəaliyyət göstərir, 856 milyon ABŞ dollarından artıq sərmayə cəlb edib, “Financial Times” nəşrinin reytinqinə əsasən, 2020-ci ildə “Avropanın Ən Sürətlə Böyüyən Şirkətlər” siyahısında ikinci yer tutub.

Bu yaxınlarda keçirilmiş “NabatTalks” biznes forumunda moderatoru olduğum panelin spikeri çoxdan tanıdığım, uğurlu sahibkar, “İnnovasiya” nominasiyası üzrə “EY İlin İş Adamı 2021” müsabiqəsinin qalibi Camal Xasayev idi. Tədbirdən sonra Camal bəylə bir xeyli söhbət etdik və o, çox maraqlı fikir səsləndirdi. Bir neçə həm yenilikçi, həm də klassik məhsulu bazara çıxaran bir şəxs kimi Camal bəy hesab edir ki, “Qırmızı okean”da iş qurub uğur qazanmaq mavidən daha asandır. Bazara yeni məhsulu daxil etmək, onu tanıtmaq, ona müştəriləri öyrəşdirmək o dərəcədə əziyyətlidir ki, rəqabətli bazarda fəaliyyət göstərmək daha asandır. Sadəcə mövcud və tanınan məhsula rəqabət üstünlüyü yaradacaq bir və bir neçə xüsusiyyət əlavə etmək lazımdır. Hər kəs öz yolunu seçir, Camal bəylə razılaşmaq da, razılaşmamaq da olar. Amma bu sahibkarın təcrübəsini nəzərə alaraq onun razılığını alıb yanaşmasını bölüşməyi lazım bildim.