blogpost-title

İdarəetmə

Kommunikasiya

Korporativ mədəniyyət

Rəhbərim yuxarılarla əlaqələrə əngəl olur

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Çox zaman əməkdaşlar şikayət edirlər ki, birbaşa rəhbərləri üst rəhbərə çıxmağa, onunla işgüzar ünsiyyətdə olmağa mane olurlar. Hətta bəziləri hesab edirlər ki, birbaşa rəhbərləri onların dəyərli ideyalarını, iş nəticələrini mənimsəyir və yuxarılara öz məhsulu kimi təqdim edirlər. Nəticədə, əməkdaşların karyera inkişafı imkanları məhdudlaşır və ədalətsizlik baş verir.

Şirkətlərin mütləq əksəriyyətində tətbiq olunan iyerarxik təşkilati strukturda subordinasiya bünövrələrdən biridir. Onun pozulması idarəetmə sistemi üçün ciddi təhlükədir. Birbaşa rəhbər nüfuzdan düşür, hamı ilə ünsiyyətdə olan üst rəhbərin isə iş yükü davam gətirə bilmədiyi həcmdə artır və o, darboğaza çevrilir. Əməkdaşları birbaşa rəhbərə bir, üst rəhbərə başqa məlumatı ötürməklə manipulyasiyalar edirlər və sairə. Ona görə əməkdaşlar tərəfindən subordinasiyanın gözlənilməsinin ağlabatan dərəcədə təmini və buna nəzarət istənilən rəhbərin vəzifəsidir.

Əsas odur ki, ifratçılığa yol verilməsin və niyyət nəyin bahasına olursa-olsun vəzifəni, şəxsi hakimiyyəti qorumaq yox, işlək idarəetmə sistemini saxlamaq olsun. Çünki bəzi rəhbərlər üst rəhbərliklə ünsiyyətə sanki inhisar yaradırlar və hətta əməkdaşların etdiyi sadə salam-sağola qısqanclıqla yanaşırlar. Əksər hallarda əməkdaşların yuxarılara çıxmağa cəhd etməyinin səbəbi iş nəticələrinə birbaşa rəhbərləri tərəfindən layiqli və ya ədalətli qiymətin verilməməsi olur. Bir də güclü rəhbər əməkdaşların nailiyyətlərini öz adına bağlamır, layiq olan əməldaşları üst rəhbərlik qarşısında da tərifləyir və tanıdır. Axı sağlam korporativ mühitdə komandanın uğuru rəhbərin uğuru deməkdir və normaldır ki, bu uğurda əməkdaşların da payları var. Düzdür, komanda uğurları ilə hər zaman eyni əməkdaşa borclu olursa, onda əksər vaxt bu, idarəetmədə boşluğun göstəricisidir və zəifliyini dərk edən rəhbər həmin şəxsdən qorxmağa başlayıb onun nailiyyətlərini mənimsəməyə cəhd edir.

İdealda birbaşa rəhbər bir tərəfdən əməkdaşları üst rəhbərlikdən uzaqda saxlayıb, digər tərəfdən onları üst rəhbərliyə özü tanıtmalıdır.