blogpost-title

İdarəetmə

Strateji sessiya nəyə lazımdır?

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

“Azercell”də çalışdığım 9 il ərzində dəfələrlə üst və orta səviyyə rəhbərliyin iştirakı ilə illik strateji toplantılarda iştirak etmişəm. Sonrakı iş yerlərimdə bu cür tədbirlərin təşkilatçısı və aparıcısı olmuşam. Hazırda bu cür tədbirləri müştərilərimiz üçün təşkil edirik və bununla strateji planlamanın bu alətindən yararlanmağa kömək edirik.

Çox sadə təsvir etsəm, strateji sessiya və ya toplantının mahiyyəti odur ki, kiçik müəssisədə bütün əməkdaşlar, orta və iri şirkətlərdə isə, əsasən, üst və orta səviyyə rəhbər heyəti ofisdən kənarda 1 və ya 2 gün toplanaraq biznesinin cari vəziyyətini təhlil edir, fikir mübadiləsi aparır və gələcək üçün strateji planlar qurur. Təbii ki, bu görüşlərin məhsuldar olması üçün keyfiyyətli hazırlıqlar görülməli, toplantıların özləri düzgün idarə olunmalı və verilən strateji qərarlar sonradan praktiki fəaliyyət planlarına çevrilməli və icra olunmalıdır. Adətən, bu tədbirlər avqust və ya sentyabr aylarında keçirilir və növbəti il üçün planlama və büdcələmə proseslərinin start nöqtəsi olur.

Strateji sessiyaların əsas faydaları aşağıdakılardır:

1) Əməkdaşlar görür ki, onların fikirləri şirkət və rəhbərlik üçün tək sözdə yox, reallıqda da əhəmiyyətlidir;

2) Bəzən belə toplantılarda çox inqilabi layihələrin ideyaları yaranır və əksər hallarda müəllif qismində üst rəhbərlik çıxış etmir;

3) Bu toplantılarda iştirak edən əməkdaşlar verilən qərarların icra mərhələsi çatanda onlara daha mülayim yanaşır və əlaqədar planları yuxarıdan aşağı endirilmiş “yad” bir şey kimi dəyərləndirmirlər. Bunun nəticəsində onların uğurla icra ehtimalı yüksəlir.

Məhz sonuncu məsələ strateji sessiyaların ən əhəmiyyətli faydasıdır. Təcrübəmə əsasən, ilk strateji sessiyanın keçirilməsi şirkətin korporativ mədəniyyətində köklü dəyişikliklərin başlanğıcı barədə bütün əməkdaşlara çox aydın və effektiv siqnaldır.