blogpost-title

Management

Personal development

Bəzən tənbəllik yaxşıdır

Author: Shahin Gadimli (shahin.gadimli@fcg.az)

Bir dəfə yoldaşlıq etdiyim Maliyyə direktorumuz mənə demişdi ki: “Çox işləyirsən, verilən tapşırıqları mürəkkəbliyinə baxmayaraq, onları çevik icra etməyə səy göstərirsən. Mən isə təbiətcə tənbəl insanam. Ona görə mürəkkəb tapşırıq alanda əvvəlcə işimi maksimal dərəcədə yüngülləşdirmək barədə düşünürəm və nəticədə ən asan həll yolları tapıram. Buna görə də daha effektivəm”. Bu sözlər məni düşünməyə vadar etdi. Fərqli sahələrə cavabdeh olsaq da, hər ikimizin məhsuldarlığı yaxın idi. Lakin iş yoldaşımın məndən az səy sərf etdiyi açıq aşkar bəlli idi. Beləliklə, daha az effektivliyimi qəbul edib, dəyişməyə başladım.

Məhsuldarlıq və effektivlik idarəetmədə əsas göstəricilərdir. Nə qədər az resursla eyni nəticə alınırsa, rəhbər şəxsin ustalığı o qədər yüksəkdir. Həyat göstərdi ki, heç də hər zaman çox işləmək yaxşı keyfiyyət deyil. Bəzən bunun tam əksi daha uyğundur. Maraqlıdır ki, cəmiyyət tərəfindən mənfi kimi qəbul olunan müəyyən keyfiyyətlər daha effektiv olmağa motivasiya edir. Tək tənbəllikdən söhbət getmir. Qisas və həsəd hissləri də bu funksiyanı yerinə yetirə bilir. Tənbəlliyi və bu qəbildən olan digər xüsusiyyətləri təbliğ etmirəm. Həm də onu da qeyd edim ki, tənbəlliklə təsvir olunan effektivliyi əldə etmək üçün güclü zəka və digər müsbət keyfiyyətlərin olması şərtdir. Lakin təsadüfi deyil ki, idarəetmə nəzəriyyəsində rəhbərlər şəxsi keyfiyyətlərinə görə müxtəlif tiplərə aid edilir və hər tipin özünə xas müsbət və mənfi xüsusiyyətləri vurğulanır. Rəhbər şəxslər aid olduqları tiplərin xüsusiyyətlərini bilməli və güclü keyfiyyətlərin maksimal istifadəsinə, zəiflərin isə mümkün qədər neytrallaşdırmasına cəhd edilməlidirlər. Axı ideal nə insan, nə də rəhbər var!