blogpost-title

Management

Teamwork

Daim səhv axtaran rəhbər

Author: Shahin Gadimli (shahin.gadimli@fcg.az)

Heç nə vaxtsa daim “mükəmməllik” axtarışında olan və əməkdaşlarının ən yaxşı işində belə qüsur tapmağa çalışan rəhbərlə qarşılaşmısınız? Sanki adamın başında səhvlərin axtarışına sazlanmış xüsusi antenlər var. Onun üçün hər zaman üçüncü şəxslər haqlıdır. Bu cür rəhbərlər işçiləri barədə ağılasığmayan mənfi rəylərə inanıb dərhal daxili araşdırmaya başlayırlar. Onlar həqiqəti ortalığa çıxarmaq üçün müstəntiq kimi üzləşmə təşkil etməyi çox sevirlər. İşçi bir ittihamdan özünü müdafiə edə bilsə, onun sözlərindən daha çox, yol verdiyi qüsurlar aşkarlanacaq və yenə də günahkar işçi olacaq. Belə şəxslər öz qurumlarında əsl rəhbər olduqlarını daim hər kəsə nümayiş etdirməyə can atırlar. İstənilən şikayəti tez bir zamanda araşdırmağa və təqsirkarları cəzalandırmağa hazırdırlar. Bu, bir kompleksdir, virusdur, yoxsa nədir? Belə rəhbərin tabeliyində olanlar nə əziyyətlər çəkirlər!

Əslində, rəhbər öz işçilərinə etibar etməlidir. Obyektiv göstəricilər əsasında etibarı doğrultmayan işçilər isə vaxtaşırı əvəz olunmalıdır. Tabe bölmədə baş verən nöqsanlara görə üçüncü şəxslər qarşısında rəhbər özü təqsirkardır. Deməli, işi düz qurmayıb, nəzarəti həyata keçirməyib, koordinasiyanı vaxtlı-vaxtında aparmayıb və sair. Amma üçüncü şəxslərin ittihamları heç də hər zaman əsaslı olmur. Tədbir görməzdən əvvəl obyektiv araşdırma aparmaq çox vacibdir. Cəzalandırmaq lazım gəldikdə işçinin şəxsiyyəti yox, əməli cəzalandırılmalıdır. Yaxşı rəhbər daim səhv axtaran, təqsirkarı tez tapıb cəzalandıran deyil. Yaxşı rəhbər idarəetmə alətlərinin köməyi ilə səhvlərin ehtimalını minimuma endirəndir.