Author: Shahin Gadimli (shahin.gadimli@fcg.az)
Uzun müddət eyni müəssisədə çalışan əməkdaşlar, adətən, bu faktla fəxr edirlər və işlərinin müsbət qiyməti kimi dəyərləndirirlər. Elə bunu əsas hesab edib müəyyən müddətdən sonra vəzifə yüksəlişi üçün namizəd olduqlarını düşünürlər. İlk baxışdan yanaşma tam məntiqlidir. Axı bəyənilməyən, davamlı zəif işləyən əməkdaşı illər boyu işdə saxlanılması ağlabatan gəlmir. Lakin bəzən reallıq tam fərqli olur.
Atalar demişkən, “qızıl demə parıldayan hər daşa”. Əməkdaşın uzun müddət eyni iş yerində çalışması bəzən onun işinə verilən yüksək dəyərin yox, rəhbərinin ona mərhəmətinin göstəricisidir. Çalışan işini pis-yaxşı görür, rəhbər isə başa düşür ki, işçinin bundan artıq potensialı yoxdur, oxşar şəraitli başqa iş də tapmaq şansı azdır və həmin əməkdaşa davamlı güzəşt edir. Belə hallar xüsusən böyük şirkətlərdə, onların nəzdindəki nisbətən iri komandalar daxilində baş verə bilir. Bu cür yerlərdə komandanın çoxsaylılığı hesabına bir üzvün zəifliyini ört-basdır etmək olur. Az işçi şəraitində belə hallar dərhal hiss olunur.
Bir tərəfdən bu cür davranan rəhbər böyüklük edir və yardım əlini uzadır. Amma digər tərəfdən muzdlu rəhbərin bu cür davranışı etik deyil. Kiməsə digərinə kömək etməyi qadağan etmək olmaz, amma bu köməyin başqasının cibindən ödənilməsi yanlışdır, yəni böyüklüyü hər kəs öz hesabına etməlidir. Digər məsələ qalan komanda üzvlərinin bu məsələyə baxışıdır. Bəzən belə olur ki, hər kəs aralarında “əməkdar” işçinin olduğu və ona irəli sürülən tələblərin özlərinə qarşı irəli sürülənlərdən daha az olduğu ilə barışır. Amma çox zaman bu qeyri-bərabərlik komandada qıcıq səbəbi olur və motivasiyalarına mənfi təsir edir. Ən dəhşətli hal isə odur ki, “əməkdar” işçi öz əsl statusunu dərk etmir, illər ərzində əvəzolunmaz işçi olduğuna inanır və davamlı olaraq əməkhaqqı və vəzifə artımı sorğulayır, digər həmkarları ilə xəyalında olan statusu səviyyəsindən davranır. Bu, birmənalıdır ki, “əməkdar” işçilərin mövcudluğu ümumi idarəetmə sistemi üçün zərərlidir və onu zəiflədir.