blogpost-title

Management

Teamwork

Optimization

İnsan resurslarına əsl münasibət

Author: Shahin Gadimli (shahin.gadimli@fcg.az)

Əksər şirkətlər bəyan edir ki, əməkdaşları ən dəyərli resurslarıdır, avadanlığı almaq olar, biznes prosesləri qurmaq üçün məsləhətçiləri cəlb etmək olar, dəyər və fərq yaradanlar isə məhz işçilərdir. Bir şirkətin rəhbəri, hətta işçiləri insan resursu adlandırmaqdan imtina etmişdi ki, “resurs” sözü şirkətdə çalışanların dəyərini azaldır. Müşahidələrim isə onu göstərir ki, əksər zaman sadalananlar yalnız bəyanatdır. Təəssüflər olsun ki, qeyd olunanlar tək kiçik və orta sahibkarlara aid deyil. Hətta bir çox iri şirkətlərdə də real vəziyyəti xarakterizə edir.

Ən bariz nümunə xərclərin azalması məsələsidir. Əksər hallarda bu prosesə işçilərlə bağlı xərc maddələrinin nəzərdən keçirilməsi və kəsilməsi ilə başlanılır. Yaxşı halda işçilərin güzəştlərini azaldırlar və ya tam ləğv edirlər. Bir çox vəziyyətlərdə isə işçi ixtisarı da unudulmur. Aydındır ki, ştatların əsassız şişirdilməsi biznesə ziyandır və bununla mübarizə aparmaq lazımdır. Lakin praktikada ixtisara tək bu halda müraciət olunmur. Bəs nə oldu, deyirdik ki, insanlarımız ən dəyərli resursumuzdur! Bəlkə, əvvəlcə biznes proseslərinin optimallaşdırılmasına baxaq, itkilərin azalmasına cəhd edək, lazımsız nümayəndəlik xərclərini kəsək, xammalın alış qiymətlərinin endirilməsinə və sairəyə səy göstərək? Xeyr, bunlar mürəkkəb işlərdir, xüsusi peşəkarlıq, təcrübə, səbir, özünü qurban və s. xüsusiyyətlər tələb edir.

Fikrimi təsdiqləyən başqa sübut: nə qədər şirkət “ən dəyərli” resursları olan əməkdaşları üçün davamlı fəaliyyətlər həyata keçirir? Misal üçün, onların məmnuniyyətini ölçür, artması üçün planlar qurub icra edir, ümumiyyətlə işləri barədə onlardan fikirlər alır. Cavab: çox nadir şirkət.

Odur ki gəlin əməkdaşlara tək sözdə yox, həm də əməldə biznesin ən dəyərli resursu kimi yanaşmağa başlayaq. Biznes fərdlərdən asılı olmalı deyil, amma biznes fərdlərsiz də mümkün deyil!