blogpost-title

Management

İşçi axtarışına vaxt yoxdur

Author: Shahin Gadimli (shahin.gadimli@fcg.az)

İşçi seçimi ilə bağlı bir səhv var ki, onu, əsasən, iş yükü çox olan rəhbərlər edir. Adətən, belə rəhbərlərin idarə etdiyi struktur bölmələrin iş nəticələrinin əhəmiyyətli hissəsi əməkdaşlar tərəfindən yox, məhz həmin rəhbərlər tərəfindən təmin edilir. Əksər belə rəhbərlər əməksevər və çox məsuliyyətli olur. Səhv isə ondan ibarətdir ki, struktur bölmədə vakansiya yarananda onlar işçi axtarışına kifayət qədər vaxt sərf etmirlər və bir çox hallarda yanlış namizədi seçirlər. Ən maraqlısı da odur ki, həmin şəxslər qərar verərkən başa düşürlər ki, seçimləri optimal deyil və yeni əməkdaş nə peşəkar, nə də şəxsi keyfiyyətlər baxımından vakansiyaya uyğundur. Lakin iş yükü həmin rəhbərlərə o dərəcədə təzyiq göstərir ki, onlar tezliklə birbaşa iş nəticələrinin təmin edilməsinə qayıtmaq istəyirlər, həm də ümid edirlər ki, seçilən şəxs az da olsa, üzərlərinə düşən yükü azaldacaq.

Yanaşma tamamilə yanlışdır. İdarəedici şəxslər digər namizədlərlə müsahibələrə, onlara verilən tapşırıqların yoxlanılmasına əlavə 10-20 saat sərf etməməklə, vakansiyanı uyğun olmayan şəxslə dolduqmaqla sanki vaxt udurlar və çox sevdikləri cari işləri ilə məşğul olmağa qayıdırlar. Amma düzgün namizəd seçilsəydi, rəhbərin yüzlərlə iş saatına qənaət edilmiş olacaqdı. Rəhbər yanlış seçdiyi işçinin əvəzinə özü işləməli olur, həm də müəyyən müddət keçəndən sonra işçidə inkişaf olmayanda onunla vidalaşıb yeni əməkdaşın axtarışına yenə vaxt sərf etmək tələb olunur. Praktika onu da göstərir ki, əksər hallarda yanlış seçilən işçilər 3 aylıq sınaq müddətindən daha uzun müddət çalışırlar, yəni onların qeyri-effektiv fəaliyyəti rəhbərə və iş yerinə daha uzun müddət zərər vurur.

Problemin kökündə rəhbər şəxsin idarəetməyə ikincidərəcəli iş kimi baxmasıdır. Onun üçün birinci yerdə özünün təmin etdiyi nəticə durur. İdarəetmə ön plana çıxanda və rəhbər nəticəni əməkdaşların vasitəsilə təmin etdikdə o, mövcud vakansiyaya düzgün namizədin seçilməsinin əhəmiyyətini yaxşı anlayıb buna lazımi zamanı artıqlaması ilə ayırır.