blogpost-title

Management

Communication

İşin imitasiyası

Author: Shahin Gadimli (shahin.gadimli@fcg.az)

İşləmək əvəzinə işi imitasiya edənlə qarşılaşmısınız? İşin çox və ağır olmasından hamıdan çox şikayət edir, amma saat 6 olan kimi onu tapmaq mümkün deyil. İşinin nəticəsinə təsir edən bir maneə yaranmırsa, aldığı tapşırığı qoyulan tələblər çərçivəsində icra edir, amma cüzi bir sədd olsa, ona istinad edib tapşırığın icrasını dayandırır. Heç vaxt deyiləndən yarım addım artıq getmir.

Adətən, belə şəxslər çox gözəl təqdimat bacarıqlarına malik olurlar və həm rəhbərə qarşılaşdıqları maneəni çox bər-bəzəklə təqdim edə bilirlər, həm də əldə etdikləri cüzi iş nəticələrini növbəti əmək qəhrəmanlığı kimi qələmə verməyi bacarırlar. Həmin əməkdaşların işi ilə birbaşa tanış olmayan şəxslər onları çox işgüzar və məhsuldar hesab edirlər. Ən pisi isə odur ki, bəzən rəhbərlər də aldanır və həmin şəxslərin vəzifələri, aldıqları əməkhaqqı da artır. Onlardan elə bəxtəvərlər də olur ki, bütün karyeraları boyu vəzifələri yüksəlir. Belə hallardan ən çox təsirlənən həmin şəxslərin əsl işləyən həmkarları olur. Onlar qalır kənarda, özünü düzgün təqdim və təbliğ edən, işləmək əvəzinə daha çox imitasiya ilə məşğul olan əməkdaş isə irəli çəkilir.

Bəs niyə belə hallar baş verir? Ən pis hal rəhbərliyin dərinə getmədən bağışlanan təəssürat əsasında qərar verməsidir. Sistemli idarəetmə olmayan bizneslərdə qərarlar faktlar əsasında yox, rəylər əsasında qəbul olunur. Təbii ki, çoxlu sayda imitasiya ilə məşğul olan, bununla belə yüksək vəzifə tutan əməkdaşların olduğu bizneslərin gələcəyi yaxşı olmur. Amma zərərçəkən yaxşı işçilər üçün bu, zəif təskinlikdir. Onlar cəmiyyətdə ədalətə inamlarını, dəyərli zamanlarını itirirlər. Lap zəif iradəlilər isə işə münasibətdə imitasiya davranışının elə düzgün olduğunu düşünüb “qaranlıq tərəf”ə keçirlər.

Belə halların yaşanmasını istəməyən rəhbərlərin sözlərə aldanmaması, konkret faktlara əsaslanması lazımdır. Bir-iki dəqiqləşdirici sual məlumatın rəy və ya fakt olduğunu təyin etməyə imkan verir.