blogpost-title

Personal development

Mən yalnız ... görə cavabdehəm

Author: Shahin Gadimli (shahin.gadimli@fcg.az)

Bu, hüquqşünasın işi deyil, bu, mühasibin işi deyil, bu, təchizatçının işi deyil və sair bu qəbildən ifadələri müəssisələrin daxilində çox eşitmək olur. Bu deyimləri çox vaxt elə həmin vəzifələrdə çalışan şəxslər səsləndirirlər. Bəziləri səmimi olaraq buna inanırlar. Digərləri isə yanaşmalarının yanlış olduğunu dərk edir, lakin əlavə işdən, məsuliyyətdən özünü qurtarmaq üçün bu mövqedən çıxış etməyə çalışırlar. Lakin motivlərdən asılı olmadan bu yanaşma hərtərəfli yanlış və zərərlidir.

Biznesin hüquqi müşahidəsini, mühasibatını aparan və ya təchizatı ilə məşğul olan şəxs öz sahəsini ümumi işdən ayırıb, məhdud çərçivəyə salıb çalışdığı müəssisənin əsas fəaliyyətinin spesifikasını bilib onu nəzərə almadan öz sahəsində belə keyfiyyətlə fəaliyyət göstərə bilməz. Əsasən, qeyd olunan problem dəstək funksiyalarında çalışanlarda müşahidə olunur. Çünki məhsulu və ya xidməti yaradan və satanlar istər-istəməz müəssisənin əsas işindən xəbərdar olurlar. Düzdür, onlar başqa ənənəvi problemi yaşayırlar: istehsalat satışdan, satış isə istehsalatdan daim narazı olur. Bu da ayrı bir mövzudur. Dəstək funksiyalarında isə bir çoxları hesab edirlər ki, onların hər şeydən ayrı qalıb öz işlərini icra etmələri kifayətdir. Amma müəssisənin məhsulunu, müştərisini, texnologiyasını bilmədən nə keyfiyyətli audit həyata keçirmək, nə uyğun kadr seçmək, nə layiqli hüquqi yardım göstərmək, nə də digər dəstək funksiyalarını lazımi səviyyədə icra etmək mümkündür. Aydın məsələdir ki, bunlar hamısı düzgün iş bölgüsünü istisna etmir və “hər kəs hər şeylə məşğul olmalıdır” anlamına gəlmir. Çünki bu da yanlış iş quruluşudur.

Bütün struktur bölmələrin əməkdaşlarının ümumilikdə müəssisənin və dəstək xidməti göstərdiyi struktur bölmələrinin fəaliyyətinin xüsusiyyətlərinə bələd olması həm onların iş nəticələrinin effektivliyini ciddi artırmış olur, həm də onların yüksək motivasiyasının göstəricisidir. Lakin bu məsələni tək əməkdaşların öhdəsinə buraxmaq olmaz. Rəhbər heyət belə yanaşmanın ənənə forması alması istiqamətində fəaliyyət göstərməli və bunu dəstəkləməlidir.