blogpost-title

Management

Communication

Corporate culture

Mövqesiz əməkdaş

Author: Shahin Gadimli (shahin.gadimli@fcg.az)

Çox maraqlı şəxs tipi var ki, fikir söylədikdə dediklərinin düz və ya yanlış, peşəkar və ya qeyri-peşəkar, ədalətli və ədalətsiz olmasına diqqət yetirmək əvəzinə ilk növbədə söylədiklərinin rəhbərin bəyənməsinə çalışırlar. Özü də belə insanlar tutduqları vəzifələrindən asılı olmayaraq eyni tərzdə davranırlar, yəni sıravi işçi olanda da, sonra daha yüksək vəzifə tutanda da. Təəssüf ki, elə rəhbərlər var ki, bu cür şəxslərlə özlərini əhatə etməyi sevirlər, işlərin necə getməsindən asılı olmayaraq ətrafdakılardan hər şeyin qaydasında olduğunu eşitməyi üstün tuturlar və ya qəzəblərinə səbəb olmuş əməkdaşlar barədə dərhal “obyektiv” mənfi fikir alaraq haqlı olduqlarına əmin olmağı xoşlayırlar. Bu əməkdaşların öz fikirləri sanki yoxdur. Onlar bəzən rəhbərin eşitmək istədiyini təyin etməkdə çətinlik çəkirlər və ya yanlışlığa yol verirlər. Səsləndirdikləri fikrin rəhbərin mövqeyindən diametral fərqli olduğunu biləndən sonra dərhal rəhbərlə eyni düşündüklərini ifadə etməyə çalışırlar. Neytral şəxs üçün kənardan belə vəziyyət çox gülməli gəlir. Bəzən tam absurda çatır. Adamlar mövqelərinə bir görüş zamanı dəfələrlə 180 dərəcə dəyişirlər.

Bu cür insanların idarə olunması normal rəhbərə həvalə olunanda onun üçün əsl sınaq başlayır. Əməkdaşdan işlərin cari vəziyyəti barədə məlumat almaq cəhdləri nəticəsiz olur. Həmin şəxs yeni rəhbərin “damarını tutaraq” cavab verməyə çalışır və ziddiyyətli məlumat verir. Təcrübəli rəhbər bunu dərhal hiss edir. Mahiyyətcə subyektiv xarakter daşıyan məlumata gələndə isə işlər bir az da qarışır. Adam fikir ifadə etmək əvəzinə ondan nə eşitmək istədiklərini tapmağa cəhd edir. Yeni rəhbərin heç nədən qorxmamaq, sadəcə reallığı bildirmək barədə çağırışları eşidilmir. Təsvir etdiyimiz şəxslər o dərəcədə başqaların nə eşitmək istədiklərini ifadə etməyi vərdiş edirlər ki, tamamən mövqesiz şəxslərə çevrilirlər.

Əksəriyyəti mövqesiz şəxslərdən ibarət olan şirkətin, struktur bölmənin gələcəyi yoxdur. Həmin şəxslərlə əməkdaşlıq bəzən rahat olur, amma uzun yolda onların heç bir xeyri qalmır. Tabeliyinizdə belə şəxslər varsa, mövqe ortalığa qoymaq çağırışlarınız eşidilmirsə, təəssüf ki, onlarla yalnız vidalaşmaq qalır.