blogpost-title

Personal development

“Networking” hər kəsə lazımdır

Author: Shahin Gadimli (shahin.gadimli@fcg.az)

Hazırda ölkəmizdə bir çox “networking” təsisatları mövcuddur. Onlar əlaqələrin qurulmasına xidmət edir və çox faydalıdırlar. Həmin qurumların bəziləri kiçik və orta sahibkarları, digərləri iri biznesin nümayəndələrini, başqaları xanım iş adamlarını, gənc sahibkarları, bir bölgədə fəaliyyət göstərən iş adamlarını, eyni peşə sahiblərini və digər meyarlar əsasında insanları birləşdirirlər. “Networking” görüşləri fərqli formatlarda və fərqli müntəzəmliklə keçirilir. Həmin tədbirlərdə, əsasən, kiçik və orta sahibkarların özləri və şirkətlərin muzdlu rəhbərləri iştirak edir. Bu da normaldır. Belə ki, həmin şəxslər işgüzar münasibətlərin qurulması baxımından bir-biri üçün maraqlıdırlar. Onlardan başqa bəzən görüşlərdə biznesin inkişafı və ya satışdan cavabdeh şəxslər də olur.

Şirkətlərin “arxa ofislərində” çalışan əməkdaşları isə “networking” tədbirlərində olmurlar. Əsas məsələ də onda deyil ki, bu cür tədbirlər onlar üçün nəzərdə tutulmayıb. “Arxa ofis” əməkdaşları, demək olar ki, “networking” fəaliyyətinə ehtiyac duymurlar və bunun üçün əlaqədar tədbirlərdə iştirak etməyə can atmırlar. Peşə birlikləri bir istisnadır, lakin çoxları həmin təşkilatlara da meyilli deyillər. “Arxa ofisdə” işləyən nadir şəxslə qarşılaşmaq olar ki, məqsədyönlü şəkildə öz əhatə dairəsini genişləndirməyə çalışır. Halbuki indiki zamanda “networking” hər kəsə lazımdır. Mühasib, hüquqşünas, insan resursları mütəxəssisi və digərləri belə tədbirlərdə həm həmkarları, həm potensial işəgötürənlər və əməkdaşlar, həm də digər sahələrdən peşəkarlarla tanış olub faydalı əlaqələr qura bilərlər. Bir çoxları düşündüyündən fərqli olaraq, “networking” fəaliyyətinin məqsədi nəyinsə kiməsə dərhal satışı deyil. Uzunmüddətli düşünmək lazımdır. Maddi qarşılığını gözləmədən kiməsə faydalı olmaq, başqa dünya görünüşü olan maraqlı insanlarla tanış olmaq, adət edilən mühitdən fərqlisinə düşmək öz-özlüyündə xeyirlidir. Vaxt gəldikdə isə maddi faydanı görmək olur. Odur ki peşə və şəxsi təbiətdən asılı olmadan az da olsa, “networking” fəaliyyəti ilə məşğul olmaq zəruridir.