blogpost-title

Management

Qəhrəmancasına menecmentə tələbat

Author: Shahin Gadimli (shahin.gadimli@fcg.az)

Ölkəmizin bir çox şirkətləri qəhrəman-idarəçilərin hesabına ayaqda durub. Belə qəhrəmanların arasında həm şirkət sahibləri, həm də muzdlu idarəçilər var. Həmin şəxslər özlərini tamamən işə həsr edib şirkətlərinin uğuru naminə digər rəhbər və qeyri-rəhbər əməkdaşların boşluqlarını doldurmaq, səhvlərini düzəltmək üçün əllərindən gələni edirlər. Bəzən bu yanaşma uğur gətirir. Amma bu baş verməyəndə də həmin şəxslərə çox zaman uğursuzluğa görə cəza verilmir. Çünki onları cəlb edən səhmdarlar həmin şəxslərin işə münasibətini, göstərdiyi səyləri görür və tək buna görə onlara minnətdar olurlar. Təbii ki, uğursuzluq illərlə davam edəndə minnətdarlıq hissi kifayət etmir və qəhrəman-idarəçi dəyişdirilir. Əvəzetmə qərarı da asan verilmir. Qəhrəman-idarəçilər işin getməsi naminə bir çox məsələləri özlərinə bağlayırlar və ciddi asılılığı nəzərə alaraq onların əvəz olunması barədə qərarın verilməsi kifayət qədər ağır olur və səbir kasası tam dolanda verilir. Maraqlıdır ki, əksər hallarda köhnə qəhrəman-idarəçini yeni eynitipli idarəçi əvəz edir.

Hər kəs qəhrəman-idarəçiləri işə cəlb etməyə çalışır. Onlar öz növbələrində oxşar yanaşması olan əməkdaşları komandalarına götürməyə cəhd edirlər. Qəhrəmancasına menecment ölkə üzrə bir trend halını alıb. İşdən yayınmaq, vəzifədən sui-istifadə halları çox olan şəraitdə işə vicdanla yanaşan, əlindən gələndən artığını etməyə çalışan qəhrəman-idarəçilərə tələbat artır və bu, başa düşüləndir.

Lakin bir “əmma” var. Şirkətin davamlı inkişafı üçün qəhrəmancasına menecment kifayət etmir. Belə idarəçilər üzdəki boşluqları aradan qaldırır, öz hədsiz enerjiləri hesabına şirkəti dirçəldir və müəyyən həddədək çatdırır. Amma qəhrəmancasına menecment tərzinin resursu bir nöqtəyə qədərdir. Bir və ya iki-üç adamdan asılılıq, idarəçiliyin hədsiz mərkəzləşdirilməsi və bundan irəli gələn digər çatışmazlıqlar bu yanaşmanın zəif tərəfləridir.