blogpost-title

Management

Corporate culture

Rəhbər cavanların yolunu kəsir

Author: Shahin Gadimli (shahin.gadimli@fcg.az)

Üfüqi karyera inkişafından nə qədər danışılsa da, əksəriyyət şaquli vəzifə yüksəlişinə meyillidir. Amma rəhbər vəzifələrinin sayı məhduddur. Sağlam və təbii ssenaridə rəhbər daha yüksək vəzifəyə təyinat alır, güclü işçi isə onun yerini tutur. Amma belə də olur ki, rəhbərlər şüurlu şəkildə vəzifə yüksəlişinə can atmırlar və bununla tabe olanların da vəzifələrinin artmasına mane olurlar. Onlar komfort zonasına düşüb yeni çağırışlarda, əlavə vəzifə və məsuliyyətdə maraqlı olmurlar. Vəzifə artımı kənardan bir mükafat kimi görünsə də, ona layiq görülən üçün xüsusən ilkin dövr çox gərgin keçir və bir xeyli əziyyət tələb edir. Yeni işin xüsusiyyətlərinin öyrənilməsi, yeni idarəetmə alətlərinin tətbiqi, yeni komanda ilə əməkdaşlıq və sairə bu kimi vəzifələr. Komfort zonasında qalmaq arzusu isə yaş artdıqca güclənir. Yəqin ki, “şirkətimizdə filankəs tutduğu vəzifədən pensiyaya gedəcək” zarafatını çoxları eşidib.

Yaşından asılı olmayaraq inkişaf etmək, əlavə vəzifə üzərinə götürmək istəməyən rəhbər cari işini nə dərəcədə yaxşı görməsindən asılı olmayaraq, çalışdığı qurum üçün təhlükə mənbəyidir. Ali təhsil alıb və yalnız həmin baqajla bütün karyera boyu fəaliyyət göstərmək zamanları keçmişdə qalıb. Daim öyrənmək və inkişaf etmək zəmanənin şərtsiz tələbidir. Odur ki vaxt ötdükcə qeyd olunan rəhbərlərin hətta tutduqları vəzifələrə uyğunluğu azalır. Belə şəraitdə işləyən cavan kadrların layiq olduqları vəzifə artımını gözləmələri çox vaxt nəticəsiz qalır. Araşdırmalar göstərir ki, kənar təşkilatda vəzifə yüksəlişi almaq şansları daha yüksəkdir. Ona görə “pensiyasını gözləyən” rəhbərin tabeliyində çalışan şəxslər özlərini vəzifə yüksəlişinə hazır hesab etdikdə başqa iş yerində xəyallarına daha tez çata bilirlər.