blogpost-title

Management

Corporate culture

Rəhbər həyatının əks tərəfi

Author: Shahin Gadimli (shahin.gadimli@fcg.az)

Ehtimal edirəm ki, rəhbər vəzifələrdə heç zaman çalışmayan, həmçinin qeyri-sağlam idarəetmə ilə qarşılaşan oxucular, yumşaq desəm, bu yazı ilə razılaşmayacaqlar. Formalaşmış bir stereotip var ki, rəhbər həyatının tək müsbət tərəfləri var. Yüksək status, yüksək gəlir, asan iş və digər maddi və qeyri-maddi nemətlər. Sağlam şəraitdə öz bilik və bacarığı hesabına rəhbər olan şəxslərin rəhbər həyatının əks tərəfi də var.

Status və gəlir sıravi işçiyə nisbətən çox vaxt, həqiqətən, yüksəkdir. Hətta vəzifə artdıqca da yüksəlməyə davam edir. Əsas məsələ “asan iş” mövzusudur. Rəhbər dərisinə düşməyənədək çoxları hesab edir ki, göstəriş verməyə nə var! Amma hər göstərişin arxasında ciddi əqli iş və məsuliyyət var. Həm də bu məsuliyyət tək göstərişin düzgünlüyünə görə deyil, əməkdaşlar tərəfindən onun icrasına görə də rəhbərin üzərinə düşür. Axı rəhbər də kiməsə hesabat verir. İşi planlamaq və bölüşdürmək, hesabat almaq, mükafatlandırmaq və cəzəlandırmaq, komandada motivasiyanın və məsuliyyət hissinin yüksək olması mövzuları özləri nəyə desən, dəyər. Toplantı və görüşlərə sərf olunan zamanı unutmayaq. Biznes üçün strateji məsələlər barədə təhlillər, təkliflər, qərarlara nə qədər güc sərf olunur. “Asan iş”in həcmi bəzən o qədərdir ki, ən mütəşəkkil rəhbər belə onu iş vaxtında çatdıra bilmir və öz şəxsi vaxtından qurban verməli olur. Adətən, rəhbərlərin işi ofisdə bitmir. İş barədə fikirlər onları evdə də, xaricdə istirahətdə də, yaxınlarının tədbirlərində də müşahidə edir.

Amma, fikrimcə, rəhbərin işində ən böyük yük – daşıdığı məsuliyyətdir. Çünki rəhbər tək özünə görə yox, həm də ona tabe olanlara görə məsuliyyət daşıyır. Bəzən onlar o qədər çoxdur ki, onları heç şəxsən tanımır, lakin yenə də məsuliyyət daşıyır. Rəhbər olmayanlar, siz təsəvvür etmirsiniz ki, tək öz işinizə görə məsuliyyət daşımaq necə gözəldir :)

P.S. Yazılanlar potensiallı şəxslərin rəhbər olmaq arzusundan vaz keçməyə çağırış mənasını daşımır.