blogpost-title

Management

Rəhbər pozuntu gözləyir

Author: Shahin Gadimli (shahin.gadimli@fcg.az)

Davamlı olaraq hərəkət etdiyim yolların birində yeni yol nişanları qoyulub və hərəkət qaydaları dəyişdirilib. Amma bir çoxları adət etdikləri kimi avtomobillərini idarə etməyə davam edirlər. Yol polisi isə bir tin irəlidə belə sürücüləri gözləyir və qaydanı pozduqlarına görə cəzalandırır. Bu mənzərəni bir neçə dəfə müşahidə etdikdən sonra ağlıma bir analogiya gəldi. Bəzi rəhbərlər də yol polisi kimi davranmağı sevirlər. Onlar əsas gətirərək ki, şirkətdə mövcud bütün qaydalara riayət etmək əməkdaşların vəzifəsidir, dəyişən qaydalar barədə əməkdaşları məlumatlandırmırlar və səbirsizliklə pozuntu gözləyirlər. Nəhayət, həmin hadisə baş verəndən sonra dərhal işçinin cəzalandırma proseduruna keçirlər. Belə rəhbərlər işçilərin törətdiyi pozuntuları aşkarlamaqdan sanki xüsusi həzz alırlar. Onlar bu an rəhbər olduqlarını əməkdaşlara bir daha nümayiş etdirmiş olurlar. Axı cəzalandırma mükafatlandırma kimi rəhbərin hakimiyyətinin göstəricilərindəndir. Təbii ki, həmin şəxslərin təsvir olunan davranışı tək yeni qaydalar pozulan zaman baş vermir. Belə rəhbərlər əməkdaşlarda daim səhv axtarışındadırlar və işçinin həmin səhv istiqamətdə getdiklərini görəndə bunun qarşısını almaq üçün heç bir tədbir görmürlər.

Pozuntuların profilaktikası hər iki vəziyyətdə onların baş verməsini gözləyib cəzalandırmaqdan daha üstündür, cəmiyyətin və iş yerinin maraqlarına daha uyğundur. Axı qaydaların qurulması, onların işlək vəziyyətdə saxlanması və qaydalara riayət olunmasının təmini rəhbərin funksiyasıdır.

Sonda bir məqamı da qeyd edim. Əksər insanlar görməyə öyrəşdikləri, hətta istədiklərini görürlər və bir çox hallarda bu, reallıqla uzlaşmır. Gündən-günə vərdiş etdiyimiz insanlara, hadisələrə, yerlərə hər dəfə yeni gözlə baxmaq bacarığı xüsusi bir istedaddır. Amma nəzarət olunanlarda bu istedadın olub-olmaması rəhbər və digərlərini pozuntuların profilaktikası vəzifəsindən azad etmir.