blogpost-title

Management

Teamwork

Communication

Corporate culture

Rəhbərlə razılaşmamaq bəzən vəzifədir

Author: Shahin Gadimli (shahin.gadimli@fcg.az)

Bir çox şirkətlərimizdə rəhbərlərin ideyaları ilə razılaşmamaq, ümumiyyətlə, onları müzakirə etmək və alternativ fikir söyləmək praktikası mövcud deyil. Burada daha çox səhmdarlar və müəssisə rəhbərləri nəzərdə tutulur. Nadirən belə hal xətti rəhbərlərlə də bağlı baş verir. Diqqət yetirin ki, söhbət qərarlardan yox, məhz qərara hələ çevrilməmiş ideyalardan gedir. Təəssürat yaranır ki, sanki rəhbər hər hansı ali şəxsiyyətdir və onun fikirləri heç zaman yanlış olmur.

Əksər vaxt belə mühiti yaradan elə rəhbərlərin özləridir. Belə ki, onlar qərarlarını xətir-hörmət naminə ideyalar kimi səsləndirir və ətrafları anlayır ki, fikir bildirsən də, bildirməsən də, heç nə dəyişməyəcək. Uzun müddət belə ab-havada çalışan rəhbərlər öz fitri istedadlarına və heç zaman yanıla bilmədiklərinə inanmağa başlayırlar. Hamımızın səhv buraxdığını nəzərə alsaq, bu cür rəhbərlərin idarə etdiyi qurumların yanlış qərarları nəticəsində gec-tez batdığı təəccübləndirmir.

Məsələnin o biri başında duranlar – belə mühitdə işləyən əməkdaşlardır. Onlar oyun qaydalarını qəbul edir. Həmin şəxslər arasında bilik, təcrübə və bacarığa malik, hətta rəhbər vəzifələri tutanlar da olur. Təbii ki, “ali” rəhbərin onların sahəsinə aid ideyaları yanlış olduqda həmin adamlar bunu əvvəlcədən görə bilir, lakin komfort zonasından çıxmamaq, işini itirməmək və sairə səbəblərə görə vəzifə borclarına, peşələrinə xəyanət edərək digərləri kimi fikirlərini səsləndirmirlər. Əsl peşəkar mühitdən asılı olmayaraq vəzifəsini yerinə yetirməlidir, “ali” rəhbərin eşitmək istədiyini yox, quruma fayda qatacağını bildirməli və ağlabatan dərəcədə onda təkid etməlidir.

Çox nadir hallarda üçüncü ssenari də mümkündür. “Ali” rəhbər mühitin belə olmasını istəmir, lakin nökər psixologiyası daşıyıcısı olan əməkdaşlar vəziyyətin dəyişməsinə imkan vermirlər. Rəhbərin tənqidi düşünmək, işin xətrinə alternativ ideyalar vermək barədə çağırışlarından yayınır. Çıxış yolu komandaya azad düşüncəli bir-iki nəfərin cəlb olunması və digərlərinə müsbət nümunə göstərilməsindədir.