blogpost-title

Management

Sahibkar reklamdan imtina edir

Author: Shahin Gadimli (shahin.gadimli@fcg.az)

Ətrafımda bir neçə uğurlu sahibkar var ki, heç zaman reklamdan istifadə etməyiblər və inzibati dəstək olmadan biznesləri inkişaf edir. Onlar nəinki reklamdan istifadə etmirlər, hətta reklamdan imtina etdiklərini davamlı vurğulayırlar və yeni müştərilərin, mövcudların tövsiyələri əsasında müraciət etdiklərini bildirirlər. Bu mesajın məntiqi sadədir, həmin sahibkarların məhsulları, üstünlükləri hesabına o dərəcədə rəğbətlə qarşılanır ki, loyal müştəriləri onları özləri reklam edirlər və sahibkarların klassik formada reklam fəaliyyəti ilə məşğul olmalarına ehtiyac olmur.

Əslində, ağızdan-ağıza ötürülən mesajlar ən çox etimad doğuran reklamdır. Məlum faktdır ki, istehlakçı sosial şəbəkələr, televiziya və ya küçədəki reklamlardan çox doğmaları, qonşusu, iş yoldaşı və digər tanıdığı şəxslərə inanır və onlardan eşidilənlərin təsir gücü daha yüksəkdir. Hər bir böyük marka da klassik kütləvi reklam ilə yanaşı yaxınların bir-birinə tövsiyə etdiklərinin siyahısına düşməyə çalışır.

Amma təsadüfi deyil ki, geniş yayılmış bir ifadə var: reklam ticarətin mühərrikidir. Biznesi bəlli nöqtəyədək reklamsız inkişaf etdirmək olar. Rəqəmsal marketinq terminologiyasından istifadə etsək, bu, orqanik artım olacaq. Lakin biznesin kütləvi olması hədəflənirsə, reklamla bir ilə qət edilə bilən yola reklamsız, bəlkə də, 10 il və daha çox vaxt sərf etmək lazım olacaq. Reklamsız inkişaf etmiş bizneslərin sahibləri zaman keçdikcə reklama şübhə ilə yanaşmağa başlayırlar, lakin reklamda qəbahət bir şey yoxdur. Çoxlu keyfiyyətli məhsullar reklam olunur və müştəri kütləsi onları daha tez tanıyır. Bəziləri isə daim gündəmdə qalmaq üçün reklamdan istifadə edir. Reklamın başqa funksiyaları da var. Əgər cəmiyyətə fayda gətirən bir məhsul varsa, nəyə görə onu qısa müddətdə geniş kütlə tanımasın? Axı reklam tək ticarətin yox, həm də tərəqqinin mühərrikidir.