blogpost-title

Communication

Corporate culture

Optimization

Şirkətə biznes-konsultant gələndə...

Author: Shahin Gadimli (shahin.gadimli@fcg.az)

Şirkətə ilk dəfə biznes-konsultant gələndə dəvət edən istisna olmaqla əksəriyyət bundan narahat olur və ehtiyat, hətta şübhə ilə yanaşır. Adətən, təşəbbüskar qismində ya sahibkarın özü, ya da muzdlu idarəçilər çıxış edirlər. Çox maraqlıdır ki, narahat olanlar arasında işini vicdanla, yüksək səviyyədə görən əməkdaşlar da olur. Bir çoxları biznes-konsultantların işinin mahiyyətini bilmir və buna görə işləri üçün müəyyən təhlükə hissi keçirir. Həm də insanların dəyişiklikləri sevmədiyini də unutmayaq. Məhsuldar konsaltinq layihələrindən sonra isə mütləq nələrsə dəyişir.

Beləliklə, biznes-konsultantlar birinci şəxslər tərəfindən nə qədər dəstək alsalar da, çox vaxt etimadsızlıq mühitinə düşürlər. Əksər konsaltinq layihələri isə şirkətin müxtəlif sahələri barədə onun əməkdaşlarından məlumat toplamaqdan başlayır. Bu məqamda əsas məsələ biznes-konsultantın özünə qarşı münasibətdə “buz əritmə bacarığı”ndan asılıdır. Belə ki, o, işçilərlə əməkdaşlıq mühitini yaradıb lazımi bütün məlumat və yardımı alıb və ya birinci şəxsin inzibati dəstəyi ilə əldə olunan formal məlumatlar əsasında qənaətlərə gəlib öz məsləhətlərini hazırlasın.

Sağlam mühit olan şirkətlərdə biznes-konsultantın gəlməsi işgüzar və bacarıqlı əməkdaşları müəyyən mənada stimullaşdırır. Onlar çoxdan düşündükləri, lakin icra etmədikləri layihələrin icrasına başlayırlar. Belə əməkdaşlar bildiklərinin təşəbbüsünün konsultantdan gəlməsini özlərinə yaraşdırmırlar.

Ədalət naminə demək lazımdır ki, heç də hər zaman konsultanta münasibət düşməncəsinə olmur. Layihələrimiz çərçivəsində elə komandalarla işləmək nəsib olur ki, onlar bütün məlumatları bölüşürlər, bilik və bacarıqlarımızdan maksimal yararlanmağa çalışırlar, mütəxəssis və rəhbərlər kimi həm özlərini, həm də şirkətlərini inkişaf etdirməyə çalışırlar. Əsl biznes-konsultant şirkət əməkdaşlarına düşmən deyil, o, qısa müddətdə öz zəngin təcrübəsini bölüşür, şirkətin müəyyən sahədə inkişafına töhfəsini verir və kənarlaşır. Onun qoyduğu mirasdan isə biznes sahibi, muzdlu idarəçilər və şirkətin əməkdaşları yararlanır.