Author: Shahin Gadimli (shahin.gadimli@fcg.az)
Bəzən işçilər gileylənirlər ki, rəhbərləri uzun müddət öz vəzifələrində qaldıqlarına görə, nə qədər çox çalışsalar da, karyera inkişafı imkanlarından məhrumdurlar. Bu situasiyada rəhbər maneəsini dəf etmək üçün, ilk olaraq cəmiyyətimizdə artıq bir zarafat mənbəyinə çevrilmiş, hamının ağlına “rəhbərə pislik etmək” ssenarisi gəlir. Təbii ki, bu, qəbul olunmaz bir yoldur. Amma nədənsə, hər kəs unudur ki, başqa bir alternativ də var. Yaxşı işləməklə işçi həm öz nüfuzunu qaldıra bilər ki, rəhbər vakansiyası olduqda əsas namizəd hesab olunsun, həm də rəhbərin vəzifə yüksəlişinə xidmət etsin. Axı hər kəs bilir ki, rəhbərin iş nəticəsi, əsasən, ona tabe olan əməkdaşların nəticəsinin məcmusudur. Beləliklə, işçi həmin məcmunu artırmış olur.
Adətən, vəzifəsi yüksələn rəhbər şəxs özünə yeni tabe olanlar arasında əvvəlcədən güvəndiyi öz komanda üzvünü də görmək istəyir. Həm də o başa düşür ki, həmin əməkdaş onun vəzifə yüksəlişinə fayda verib. Bu ssenaridə hər iki tərəf udur. Təbii ki, vəziyyətin təsvir olunan kimi inkişaf edəcəyinə zəmanət vermək olmur. Elə hallar olur ki, üst rəhbərliyin yaranan vakansiya üçün başqa namizədləri olur və ya digər maneələr ortalığa çıxır. Amma həmin situasiyalar pis niyyətlə rəhbər şəxsi kənarlaşdırmaq ssenarisində də ola bilər. Odur ki, gəlin unutmayaq ki, rəhbər olmaq üçün rəhbəri kənarlaşdırmaq əvəzinə, onun irəli getməsinə dəstək ola bilərik.