blogpost-title

Management

Teamwork

Yeni rəhbər köhnə komandanı dəyişir

Author: Shahin Gadimli (shahin.gadimli@fcg.az)

Ölkəmizdə çox pis ənənə var ki, şirkətin rəhbəri dəyişəndə bütün idarəetmə komandası da yenilənir. Özü də bu, o qədər adətləşib ki, çox vaxt köhnə komandanın üzvləri işdən ayrılmalı olduqları barədə mesajı almadan özləri şirkəti tərk etməyə başlayırlar. Amma təbii ki, ən çox belə hallar yeni rəhbərin təşəbbüsü ilə baş verir. Maraqlıdır ki, idarəetmə heyətinin əvəzlənməsi hətta çox uğurlu bizneslərdə də baş verir, yəni əvvəlki komandanın bacarıqsızlığı bu ənənənin kökündə durmur.

Nədənsə yenilər köhnələrə heç etibar etmirlər və keçid dövründə komandalar arasında bəzən bir qarşıdurma da yaranır. Təbii ki, belə vəziyyət biznesə müsbət təsir etmir. Güvən problemi ilə yanaşı yeni rəhbərin köhnə komandanın üzvlərinin şəxsi və işgüzar keyfiyyətlərini tanımağa vaxt və səy sərf etmək arzu etməməsi məsələsi də var. Nəticədə, komanda dəyişir.

Əksər zaman bununla biznesə zərər vurulur. Yeni rəhbər heyəti çox nadir hallarda eyni sahədən gəldiyinə görə növbəti 6-12 ayı biznesin xüsusiyyətlərini öyrənməyə sərf edir, strateji qərarların verilməsini ləngidir, böyük layihələri dayandırır və bu azmış kimi, bir çox hallarda əvvəlki komandanın səhvlərini də təkrarlayır. Əksər şirkətlərimiz sistemsiz idarə olunduqlarına görə keçmişdə buraxılan səhvlər biznes-proseslərdə heç bir şəkildə əksini tapmır və asanlıqla təkrarlana bilir.

Zənnimcə, idarəetmə komandasının dəyişdirilməsi praktikası olduqca yanlışdır və şirkətlərə yeni rəhbərlər gətirilərkən əvvəlki komanda ilə işləmək onların öhdəliklərindən biri olmalıdır. Dəyişmə isə yalnız köhnələr, həqiqətən, öz təşəbbüsləri ilə ayrılanda və ya işlərində əhəmiyyətli pozuntular aşkarlananda baş verməlidir. Əks halda biznes əsassız geri atılır.