blogpost-title

Management

Personal development

Yeni rəhbərin idarəetmə tərzinə nə təsir edir?

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Yeni rəhbərlərin qarşılaşdığı çətinliklər mövzusuna dəfələrlə toxunmuşam. Əlbəttə, əsas problemlərdən biri odur ki, onlar idarəedici təyin olunmağa, nadir istisnalarla, demək olar ki, hazırlaşmırlar. Əməkdaş mütəxəssis kimi davamlı nümayiş etdirdiyi müsbət nəticələrə görə günlərin biri rəhbər vəzifəsinə təyin olunur və bu vaxt idarəetmənin necə həyata keçirilməli olduğu barədə çox dumanlı təəssüratı olur.

Hazırda menecment mövzusuna aid bir xeyli ədəbiyyat var, internet resurslar, təlimlər və sairə var. Lakin bütün bu məlumat mənbələrinə baxmayaraq əksər yeni rəhbərlərin idarəetmə tərzinə, xüsusən ilkin dövrlərdə, onların əvvəlki rəhbərlərinin davranışı təsir edir. Maraqlısı odur ki, əvvəlki rəhbərlərin idarəetməsi yeni təyinat alan şəxslər tərəfindən keçmişdə heç bəyənilməyə, hətta özləri tərəfindən həmkarlar qarşısında tənqid edilə bilərdi. Amma buna baxmayaraq bir çoxları həmin tərzdə idarəetməni həyata keçirməyə başlayırlar. Çox zaman bu, şüuraltı baş verir və yeni rəhbər idarəetmə tərzinin heç fərqində olmur. Bu, müəyyən dərəcədə çoxlarının öz övladlarına qarşı zamanında valideynlərinin onlara qarşı rəftarının, hətta bəyənilməyən rəftarının təkrarlamasına bənzəyir.

Deyirlər ki, nəyinsə vərdişə çevrilməsi üçün onu 2-3 həftə ərzində təkrarlamaq lazımdır. İdarəetmə tərzi də belədir. Vərdişlərə çevriləndən sonra isə onun dəyişilməsi çox çətindir. Ona görə yeni rəhbərlər həyata keçirdikləri idarəetməyə çox diqqətlə yanaşmalı, xüsusən ilkin dövrlərdə, arada özlərinə kənardan baxmağı bacarmalıdırlar və ya tənqidə açıq olub ətrafdan rəy almalıdırar. Təbii ki, əvvəlki rəhbər mükəmməl idarəedici olubsa, onun idarəetmə tərzini təkrarlamaqda pis bir şey yoxdur, hətta faydalı ola bilər, amma belə şəxslər nadirən rast gəlinir.