blogpost-title

Corporate culture

Biznes-konsultantın sehrli çubuğu

Author: Shahin Gadimli (shahin.gadimli@fcg.az)

Kiçik və orta sahibkarlarımız arasında biznes konsaltinq xidməti almaq ənənələri güclü deyil. Bəziləri belə xidmətin mövcudluğu barədə məlumatsızdır. Digərləri nə isə eşitsə də, bunun necə işlədiyini bilmir. Elələri var ki, xidmətdən yararlanmağa cəhd ediblər, lakin nəticə qənaətbəxş olmayıb. Adətən, bu, iki səbəbdən birindən baş verir. Hazırda biznes konsaltinq xidmətləri göstərən şəxs və qurumların sayı az deyil və hər sahədə olduğu kimi onların arasında da heç də hər kəs peşəkar deyil. Bəzən isə biznes konsaltinq layihələrinin uğursuzluğunun əsas səbəbi həmin xidməti göstərənlər yox, həmin xidməti alanlar olur.

Belə yanaşma yayılıb ki, əgər şirkət yüksək qiymətə biznes konsaltinq xidməti alırsa, deməli, ona lentlə düyünlənmiş qutuda hazır həll təqdim olunmalıdır. Yəni bəzi müştərilər konsaltinq layihəsinin uğurlu olması üçün həmin layihədə konsultantla yanaşı şirkətin rəhbər və digər işçi heyətinin çalışmalı olduğunu və bir çox halda bunu konsultantdan da artıq etməli olduqlarını dərk etmirlər. Bezən belə təəssürat yaranır ki, biznes-konsultant şirkətə gələndə hər kəs kənara çəkilir və ondan bir möcüzə gözləyir. Amma reallıq odur ki, konsultantların sehrli çubuğu yoxdur. Şirkətin dəyişməsi və inkişaf etməsi həm vaxt tələb edən, həm çoxlu səy tələb edən prosesdir. Rəhbərlik daxil olmaqla bütün komanda aktiv şəkildə bu prosesin hər bir mərhələsinə qoşulmadıqda nəticə nadirən yaxşı olur. Konsultant sanki bir həkimdir. Diaqnoz qoyması üçün o, əvvəlcə xəstəliyin simptomları barədə əməkdaşlardan məlumat almalıdır, analizlər keçirməlidir. Sonra isə şirkətə müalicə təyin edildikdə bu proses əməkdaşlarla birgə icra olunur. Pasiyentin özünü müalicə etməyə icazə verməsi azdır, o, sağalmağı arzulamalı və bunun üçün əlindən gələni etməlidir.