blogpost-title

Management

Gələcəyə geri

Author: Shahin Gadimli (shahin.gadimli@fcg.az)

Çox vaxt ölkəmizdə fəaliyyət göstərən iri holdinq və şirkətlər qruplarını ittiham edirlər ki, ölçülərinə görə ağır və ləngdirlər. Əksər hallarda deyilənlər əsaslıdır və qeyd olunan problemlər mövcuddur. Lakin onu da etiraf etmək lazımdır ki, belə təşkilatlarda və onların törəmə müəssisələrində müasir idarəetmə daha geniş yayılıb. Orada çalışan şəxslər dəyərli təcrübə qazanırlar və kiçik və orta biznesə keçirlərsə, həmin praktikanı yeni iş yerlərində də tətbiq etməyə cəhd edirlər.

Etiraf edim ki, konsaltinq fəaliyyətinə başlayandan sonra yerli kiçik və orta biznesləri daxildən daha yaxşı tanıdım və gördüyüm ürək açmır. Bəlkə də, sərt səslənəcək, lakin çoxlu bizneslər sanki 2000-ci illərin əvvəlində qalıb. Hələ o zaman norma sayılan idarəetmə alətləri indiyədək tətbiq olunmur və bu azmış kimi onlar barədə məlumat belə yoxdur, müvafiq olaraq tətbiq heç planda da mövcud deyil. Söhbət hansısa çox spesifik, aparıcı biznes məktəblərində öyrədilən alətlərdən getmir. Daha sadə, asan öyrənilənlər nəzərdə tutulur. Lap sadə bir nümunə gətirim. Qarşılaşdığım əksər kiçik və orta bizneslərdə illik büdcə yoxdur. Adamlar nə xərcləyəcəklərini, nə qazanacaqlarını planlamırlar.

Dostlarım bəzən irad tutur ki, çox sadə, bəzən primitiv şeylər barədə yazıram. Bəli, belədir. Səbəb də əsas diqqət mərkəzimizdə məhz kiçik və orta sahibkarların olmasıdır. Fikrimcə, onlar əvvəlcə mütləq olan sadə alətləri tətbiq etməli, sonra isə daha üst səviyyə vasitələrə keçməlidirlər. Lakin bu yolda da çox ciddi əngəl var. Son zamanlar rəqabətlə üzləşib uduzmağa başladıqlarını hiss edən sahibkarların bəziləri istisna olmaqla biznesə yanaşmalarında geri qalan sahibkarlar dəyişməyə, yeniliyə meyilli deyil. Bu, ənənəvi mühafizəkarlıqla bağlı ola bilər. Lakin kütləvi xarakter daşıdığına görə, zənnimcə, iqtisadiyyatımız üçün kifayət qədər təhlükəlidir.

Sahibkarlarımızı yeniliklərə, ağlabatan şərtlərlə sınaq və eksperimentlərə daha açıq olmağa çağırmaq istəyirəm. Sürətlə dəyişən dünyada geri qalan yanaşma ilə biznesdə aparıcı rollarda qalmaq ehtimalı cüzidir.