blogpost-title

Management

İdarəetmədə qızıl orta

Author: Shahin Gadimli (shahin.gadimli@fcg.az)

Bir çox məsələlərdə qızıl ortanı tutmaq ən düzgün yoldur. Belə baxanda çətin bir şey yoxdur, amma çox adamda bu alınmır. 2000-ci illərdə mənə tabe olan bir işçi var idi. Çox savadlı, intizamlı idi. Amma adam heç cür daxili müştəriyə güzəşt və proseduraya riayət etmə arasındakı balansı tuta bilmirdi və heç bir izahlar və örnəklər də kömək etmirdi. İdarəetmədə də belədir, mükafatlandırma və cəzalandırma arasında bir balans olmalıdır. Amma o balansı tutmağı öyrənmək üçün böyük yolu qət etmək tələb olunur.

Əksər rəhbərlər ya çox yumşaq, ya da çox sərt davranır. Adətən, birincilərin yumşaqlığından sui-istifadə edirlər, ikincilər isə qeyri-sağlam şərait yaratdıqları üçün əməkdaşlar motivasiyasız olurlar. Çox maraqlıdır ki, bir çox sahibkarlarımız təbiətcə sərt olsalar da, bizneslərinin başlanğıcından özləri ilə bir olan komanda üzvlərinə münasibətdə yumşaq tərzdə idarəetməni həyata keçirirlər, kobud səhvlərinə, açıq-aşkar işdən yayınmaya rəğmən davamlı güzəştlərə gedirlər. Bu da, əsasən, keçmişdəki dar gündə bir olmaqdan, illər ərzində doğmalaşmaqdan irəli gəlir. Təəssüf ki, müşahidələrim göstərir ki, illər boyu silahdaş olmuş əməkdaşlar əksər zaman bu münasibətdən sui-istifadə edirlər. Bəzən bunu bilmədən edirlər. Belə işçi düşünür ki, bu, normaldır ki, sahibkarla on illərlə işləyən əməkdaş kimi ona və bir ildən az şirkətdə fəaliyyət göstərən işçiyə münasibət fərqlidir. Bəzən o dərəcəyə çatır ki, şirkətin “ağsaqqalları” özlərini müəyyən mənada şirkətin sahibləri, şərikləri kimi hiss edirlər. Bilə-bilə sahibkarın ona münasibətindən sui-istifadə edənlər də az olmur.

Təbii ki, günlərin bir günü biznes sahibinin səbir kasası daşır və belə “əməkdar işçi” ilə vidalaşır. Adətən, bu incikliklə müşahidə olunur. Stajlı işçiyə daim güzəşt edərkən sahibkar davamlı olaraq onun əməllərini yox, onu şəxsiyyətini, keçmiş nailiyyətlərini dəyərləndirir. Bu, həm də yersiz sərtlik idarəetmədə ən ciddi səhvlərdəndir. Odur ki əmələ vaxtında, mütənasib və ədalətli qiymət vermək həm biznesə xeyir gətirir, həm də şəxsi münasibətləri qoruya bilər.