blogpost-title

Management

Communication

Corporate culture

İşçilər nəyə görə təklif vermirlər?

Author: Shahin Gadimli (shahin.gadimli@fcg.az)

Bəzi şirkətlərdə işçilərdən səmərələşdirici təkliflərin toplanması üçün xüsusi poçt qutuları quraşdırılır və ya e-poçt ünvanları açılır. Məntiq çox sadədir. Hesab olunur ki, işlə bağlı onu gündəlik görən işçilərdən bir xeyli faydalı təklif gələ bilər. Müşahidələrimə görə bu cür layihələr nadir hallarda uğurlu olur.

Bunun səbəblərindən biri şirkətdaxili motivasiyanın aşağı səviyyədə olması və əməkdaşların işə yalnız əməkhaqqı almaq naminə gəlməsidir. Belə vəziyyətdə işçilər səmərələşdirici təklifləri olduqda və onların verilməsi qarşılığında müəyyən mükafat vəd edildikdə belə onlarla – şirkətlə bölüşmək istəmirlər.

Uğursuzluğun digər səbəbi yeni layihənin şirkət daxilində zəif təbliğidir. Bu halla, xüsusən, şirkətdaxili kommunikasiya problemlərini yaşayan müəssisələr tez-tez qarşılaşırlar. Hər bir yenilik kimi, səmərələşdirici təkliflərin toplanması sistemi də şirkət daxilində işçilərə düzgün çatdırılmalıdır. Bu işdə ictimaiyyətlə əlaqələr üzrə peşəkarların xidmətindən istifadə edilməsi həll yolu ola bilər.

Səmərələşdirici təkliflərin toplanması sisteminin çox mürəkkəb olması uğursuzluğun üçüncü, çox geniş yayılmış səbəbidir. Misal üçün, təklifin yazılması üçün forma çox qəliz ola bilər. Onu asanlıqla texniki xidmətin əməkdaşları doldura bilərlər, lakin telefon mərkəzinin əməkdaşlarına həmin formanın tərtibi çətinlik yara bilər. Bəzən təklifin verilməsi üçün tamamilə artıq olan təsdiq sistemi nəzərdə tutulur. Başqa hallarda maddi mükafatın hesablanması və ödənilməsi qaydası o dərəcədə qəliz olur ki, işçiləri təklifi verməyə motivasiya etmək əvəzinə demotivasiya edir.

Səmərələşdirici təkliflərin toplanması sisteminin şirkətdə işləməsi üçün sadalanan səhvləri buraxmamaq və bununla yanaşı, birinci qəbul olunan təkliflərin müəlliflərini həmkarlarına mümkün qədər geniş tanıtmaq lazımdır. Həmçinin mütəmadi sistemin mövcudluğu barədə xatırlatmalar zəruridir. İşçilərin səmərələşdirici təklifləri, adətən, inqilab etməsə də, onlar çox olduqda şirkət üçün əhəmiyyətli faydalı maddi və qeyri-maddi effekt verir. Əbəs yerə deyilmir ki, damla-damla göl olur!