blogpost-title

Management

Teamwork

Communication

Corporate culture

Koordinasiya probleminin dərmanı

Author: Shahin Gadimli (shahin.gadimli@fcg.az)

Elə düşünülür ki, koordinasiya problemi yalnız iri şirkətlərdə yaşanır, çünki orada çoxlu struktur bölmələr, çoxlu işçilər, çoxlu layihələr və sairə var. Amma reallıq ondan ibarətdir ki, koordinasiya axsaqlığı kiçik və orta bizneslərdən də yan keçmir. Bəzən absurda çatır. Bir otaqda əyləşən əməkdaşlar işlərini bir-biri ilə uzlaşdırmırlar. Belə hallarla qarşılaşan rəhbərlər, təbii ki, bundan “çıldırırlar”. Hərçənd problemin səbəbini ilk növbədə özlərində görməlidirlər. Əməkdaşlar arasında koordinasiya rəhbərin əsas vəzifələrindən biridir. İş elə qurula bilər ki, koordinasiya rəhbərin iştirakı olmadan baş versin və ya onun birbaşa iştirakı ilə təmin edilsin. Amma koordinasiyanın özü-özünə baş verəcəyinə ümid etmək sadəlövhlük və peşəkarsızlıqdır.

Müntəzəm toplantılar çox effektiv həll yoludur. Praktikama əsasən, şirkət rəhbərliyinin həftədə bir dəfə keçirilən görüşlər nəyin nə yerdə olduğu, görüləcək işlərin nədən ibarət olacağı və kimin nədən cavabdeh olduğu barədə iştirakçıları bilgiləndirməyə imkan verir. Amma məlumatın hər kəsə çatması üçün tək şirkət miqyasında üst rəhbərliyin görüşü azdır. Struktur bölmə rəhbərləri cavabdeh olduğu istiqamətlərdə də əməkdaşları ilə müntəzəm toplantılar keçirməlidirlər və aldıqları informasiya ilə bölüşməlidir. Məlumatlı olmaq hər kəsi və hər bölməni sinxronlaşdırırmı? Xeyr, amma koordinasiyasızlıqdan irəli gələn boşluqların çoxunu istisna etməyə imkan verir. Şirkətlər əməkdaşların kimin nə ilə məşğul olduğunu bilmədiklərindən bəzən o qədər böyük zərər çəkirlər. Həm də məlumatlılıq işçinin motivasiyasını da artır. O dərk edir ki, ona sadəcə böyük bir mexanizmin əhəmiyyətsiz bir vinti kimi baxmırlar, axı onunla hesablaşıb onu məlumatlandırırlar. Ən əsası isə sistemli idarəetmə koordinasiyasız olmur!

İş yerinizdə müntəzəm toplantılar varmı?