blogpost-title

Management

Corporate culture

Məsuliyyətdən qaçan işçilər

Author: Shahin Gadimli (shahin.gadimli@fcg.az)

Rəhbərlər tez-tez gileylənirlər ki, işçiləri məsuliyyəti üzərilərinə götürməkdən yayınmaq üçün davamlı onlara müraciət edirlər. İdarəetmədə bu fəndə meymunu öz çiynindən rəhbərin çiyninə otuzdurmaq deyilir. İşçi özü həll edə, qərar verə biləcəyi halda belə davamlı rəhbərə müraciət edir və ondan qərar alır. Bunun səbəblərindən biri – əməkdaşın düşünüb optimal növbəti addımı seçməyə tənbəllik etməsidir. Lakin əsas məsələ odur ki, işçi bununla qərarın nəticələrinə görə məsuliyyəti rəhbərin üzərinə ötürür. İşlərin belə gedişatını bəyənən rəhbərlər də olur. Adətən, onlar mikromenecment tərəfdarları olurlar.

İşçilərin təsvir olunan davranışının mənfi nəticələrini təsəvvür etmək çətin deyil. Birincisi, əməkdaşlar təşəbbüssüz robotlara çevrilir. Rəhbərə müraciət etmək mümkün olmayan bütün qeyri-standart vəziyyətlərdə iflic vəziyyətə düşürlər. İkincisi, rəhbərin fiziki imkanı məhdud olduğuna görə müəyyən mərhələdə qərarvermə prosesi ləngiyir, iş yükü bir qədər də artıqdan sonra isə biznesin böyümə imkanı tamamilə aradan qalxır.

Həll yolu ondadır ki, rəhbər işçilərə şərt qoyur ki, onlar növbəti dəfə müraciət etdikdə tək problemlə yox, həmçinin onun mümkün həll yolları ilə yaxınlaşmalıdırlar. Ən azı 2, lap yaxşı olar ki, 3 təklif olsun. Bu qaydada çalışan işçilər müəyyən müddətdən sonra görürlər ki, rəhbər əksər vaxt elə onların təklif etdikləri variantlardan birini seçir. Rəhbər belə seçim edərkən öz məntiqini işçilərə izah etdikdə həmin şəxslər seçimi də anlayırlar. Əsasən, vəziyyətlərin təkrarlandığına görə işçilərin rəhbərə müraciət sayları tədricən azalır. Növbəti mərhələdə rəhbər məsuliyyət bölgüsünü sənədləşdirməlidir, yəni hansı mövzularda, hansı miqdar və məbləğ limitlərində işçilərin sərbəst qərar verə bildikləri müəyyən edilməlidir. Bundan sonra rəhbər heç bir halda işçinin səlahiyyətinə aid məsələdə özü qərar verməməlidir.

Vacib məsələ odur ki, işçi öz səlahiyyətləri çərçivəsində ağlabatan qərar verdikdə rəhbər onunla razı olmadıqda belə bu hal nə mənəvi, nə də maddi tənbehlə müşahidə olunmasın. Əks halda, heç bir mexanizm işçilərin məsuliyyətdən yayınmaqlarının qarşısını almayacaq.