blogpost-title

Management

Teamwork

Communication

Rəhbərim stresə salır

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Şübhəsiz ki, idarəetmə bəzən manipulyasiyalar tələb edir. Manipulyasiya dedikdə, əməkdaşlar arasında qarşıdurma, xəbərçilik və sairə mənfi əməllər nəzərdə tutulmur. Amma razılaşaq ki, hər kəs üçün bir açar tapıb kiməsə lazımi məqamda xoş söz demək, başqasını bir az hədələmək və bununla onların maksimal dərəcədə məhsuldar olmalarına nail olmaq da müəyyən mənada pozitiv manipulyasiyadır və idarəedicinin bacarığıdır. Rəhbər plan qurub əməkdaşlar vasitəsilə rutin işi aparmağı da, lazım gələndə alovlu sözləri ilə əməkdaşları “qəhrəmanlıq”lara sövq etməyi də bacarmalıdır.

Davamlı qeyd etdiyim kimi, yaxşı idarəetmə bir çox, hətta əksər mövzularda qızıl ortanı tapmaq bacarığıdır. Amma bu qaydada da istisnalar var. Bəzən situasiyadan asılı olmadan rəhbərin davranışı dəyişməli deyil. Misal üçün, rəhbər əməkdaşlar üçün hər zaman əminlik, sakitlik mənbəyi olmalıdır. Aydın məsələdir ki, idarəedici vəzifədə çalışan şəxslər də tərəddüd edir, narahat olur və həyəcan yaşayırlar. Lakin bunların heç biri ətrafa, xüsusən tabe olan əməkdaşlara translyasiya olmalı deyil. Bəzən rəhbərlər təbiətcə narahat insanlar olur və özlərindən asılı olmadan həyəcanlarını ətraflarına ötürülər, hətta bunu heç bir lüzum olmayan vəziyyətlərdə də edirlər. İş ondadır ki, hazırda demək olar, hər kəsin iş həcmi çatdıra biləcəyindən artıqdır, hər şey dinamik dəyişir, emal olunan məlumat saysızdır və sadalananlar öz-özlüyündə stres üçün kifayət edir. Bunların üstünə rəhbərin yersiz gətirdiyi həyəcan, ehtiyac olmadan tələsdirmə gəldikdə iş şəraiti dözülməzə çevrilir və əksəriyyət üçün belə işdən ilk imkanda ayrılmağa səbəb olur.

Yaxşı rəhbər əməkdaşlar üçün komfortlu iş şəraiti yaratmalıdır, o cümlədən onları lazım olmayan kənar, o cümlədən özündən irəli gələn stresdən qorumalıdır. Təbii ki, stres məqsədyönlü idarəetmə aləti kimi istifadə edilən məhdud hallar istisna olmaqla. Bu isə mətnin əvvəlində qeyd olunan və idarəetmənin tərkib hissəsi olan manipulyasiya növüdür və başqa yazının mövzusudur.