blogpost-title

Teamwork

Corporate culture

Şəxsi, yoxsa işgüzar keyfiyyətlər

Author: Shahin Gadimli (shahin.gadimli@fcg.az)

İşçi seçərkən üstünlüyü onun şəxsi, yoxsa işgüzar keyfiyyətlərinə verilməli olduğu barədə suala cavabım 18 illik idarəetmə təcrübəm ərzində bir neçə transformasiyadan keçib. İşçi seçimi vəzifəsi ilk dəfə üzərimə qoyulanda rəhbər kimi cəmi 4-5 ay fəaliyyət göstərirdim. Mənim üçün ön planda namizədin şəxsi keyfiyyətləri dururdu. O vaxt dərk etmirdim ki, müsahibə zamanı şəxsi keyfiyyətləri dərindən müəyyən etmək özlüyündə kifayət qədər çətin məsələdir. Zaman keçdikcə anlayırsan ki, insanın əsl şəxsi keyfiyyətlərini anlamaq üçün illər lazımdır, bəzən buna heç bütöv həyat da kifayət etmir.

Təcrübəm artdıqdan sonra “yaxşı insan peşəsi yoxdur” ifadəsinin mənasını anladım. Bəzən çox yaxşı yoldaş belə işçi kimi özünü doğrutmur və bu məsələdə onun nə dürüstlüyü, nə mehriban davranışı kifayət edir. Belə vəziyyətdə ya rəhbər, ya da həmkarlar həmin “yaxşı insan”ın əvəzinə işləməlidir ki, onun zəif işi struktur bölmənin nəticələrinə təsir etməsin.

Bu halla qarşılaşdıqdan sonra mövqeyin dəyişməsi və növbəti işçi seçimləri zamanı işgüzar keyfiyyətlərə üstünlük verilməsi başa düşüləndir. Lakin müəyyən müddətdən sonra görürsən ki, işgüzar keyfiyyətləri yüksək, şəxsi keyfiyyətləri axsayan işçi iş yoldaşları ilə yola getmir, nəzarətsiz qalanda işdən boyun qaçırmağa, səhv davranmağa cəhd edir. Nəhayət, bununla da başa düşürsən ki, bir balans olmalı, həm şəxsi, həm işgüzar keyfiyyətlər normal səviyyədə olmalıdır.

Müasir bir yanaşma da var ki, üstünlük namizədin öyrənmə istəyi və qabiliyyətinin yüksək olmasına verilir. Mahiyyətinə görə sadalananlar işgüzar keyfiyyətlərə aiddir. Fikrimcə, tək onlar əsasında qərar vermək yanlış olar və ilkin seçim zamanı müəyyən edilməsi mümkün olan şəxsi keyfiyyətlərin də normal səviyyədə olmasınını mütləq nəzərə almaq lazımdır.