blogpost-title

Management

Corporate culture

Tələbkar rəhbər

Author: Shahin Gadimli (shahin.gadimli@fcg.az)

Şirkətdəki idarəetmə sisteminə birinci şəxsin təsiri çox güclüdür. Onun idarəetmə tərzinin həm müsbət, həm də mənfi xüsusiyyətləri bu və ya digər dərəcədə ona tabe olan rəhbərlər tərəfindən təkrarlanır. Təbii ki, onların xarakterlərinin xüsusiyyətləri, keçmiş təcrübələri də idarəetmə tərzlərinə təsir edir və bu səbəbdən müəssisə rəhbərinin davranışı tam təkrarlanmır. Amma əsas məqamlarda birinci şəxsin yanaşması bir nümunəvi model rolunu oynayır.

Çox nadirən bu qaydadan müəyyən istisnalar olur. Orta səviyyə rəhbər təbiətinə görə çox müstəqildirsə, onun uzun illər ərzində formalaşmış idarəetmə tərzi varsa, digər korporativ mühitdə yetişibsə, birinci şəxsdən çox fərqli qaydada idarəetməni həyata keçirə bilər. Misal üçün, işçilərinə qarşı şirkətdə qəbul olunmuşdan, o cümlədən birinci şəxsdən daha tələbkar ola bilər. İlkin dövrdə bu cür yanaşma uğurlu ola bilir. Amma tədricən həmin tələbkar rəhbərin ətraf mühitlə ziddiyyətləri ortalığa çıxmağa başlayır. Birincisi, ona tabe olan işçilər şirkət üzrə digər qaydaların mövcudluğunu görüb birbaşa rəhbərlərindən narazı olmağa başlayırlar. İkincisi, həmin tələbkar rəhbər iş əsnasında digər struktur bölmələrinə öz yüksək tələblərini irəli sürməyə cəhd edib uğursuzluq və müqavimətlə qarşılaşır. Çox zaman nəticədə rəhbər-həmkarlarla münasibətlər pozulmağa başlayır. Bu azmış kimi, narazı əməkdaşlar öz iradlarını insan resursları, daha yuxarı rəhbərlik səviyyəsinə çatdırıb oradan dəstək ala bilirlər. Əlbəttə, bəzən rəhbər öz sahəsini kənar müdaxilələrdən qoruya bilir, amma ətrafdan ona davamlı siqnallar gəlir ki, daha yumşaq olmaq, işçilərə münasibətdə daha loyal olmaq lazımdır. Nəticədə, iş xətrinə tələbkar olan rəhbər heç bir tərəfdən dəstək almadıqda ya təslim olub çoxluğa uyğunlaşır, ya da onu anlamayan iş yerini həmişəlik tərk edir.

Üst rəhbərlər belə tələbkar rəhbərlərə ehtiyac olduğunu hesab edəndə həm onlara dəstək olmalı, həm də tədricən öz tələbkarlığını artırmaqla şirkətdə yeni idarəetmə standartlarını formalaşdırmalıdırlar.