blogpost-title

Management

Personal development

Uzun, yoxsa qısamüddətli hədəflər?

Author: Shahin Gadimli (shahin.gadimli@fcg.az)

Uzun, yoxsa qısamüddətli hədəflərə daha çox diqqət yetirmək lazımdır? Bu sual yeni rəhbərlər, xüsusən yeni CEO-ların qarşısında tez-tez durur. Söhbət, əsasən, yerli kiçik və orta bizneslərdən gedir. Adətən, uzunmüddətli hədəflər daha çox fayda gətirir. Lakin onlara nail olmaq üçün çoxlu vaxt və digər resurslar tələb olunur. Yeni rəhbər isə başa düşür ki, nadir istisnalarla ondan indi nəticə gözləyirlər. Belə vəziyyətdə bir çoxları qısamüddətli hədəflərə üstünlük verir. Başa düşmək də olar. Birincisi, əməyinin nəticəsini uzun müddət görmədikdə adam elə özü də ruhdan düşə bilər. İkincisi, səhmdarların tam etibarını hələ qazanmamış yeni rəhbər işçi çox uzunmüddətli hədəflərə və bununla gələcək perspektivə fokuslandıqda həmin vaxtadək cari qeyri-məhsuldarlığına görə vəzifəsini itirib, özü də həmin “işıqlı gün”ün şahidi olmaya bilər. Odur ki ilkin dövrdə qısamüddətli hədəflərdə fokuslanmağı məntiqli gəlir. Lakin əsl tələ də elə buradadır. Bəzən rəhbərlər belə hədəflər vasitəsilə qısa zamanda lokal uğurlara imza atmağın mümkünlüyünü görüb bütün gələcək işlərini də onların üzərində qururlar. Yalnız qısamüddətli hədəflər üzərində davamlı iş isə adətən, pis nəticələnir. Başqa bir çıxış yolu da var ki, uzunmüddətli hədəflərin qısamüddətli ara nəticələrini yeni rəhbərin ilkin dəyərləndirmə meyarı kimi diqqətə alınsın. Lakin bəzi uzunmüddətli hədəflərin qısamüddətli nəticələri çox cüzi olur və gözə görünmür.

Təyinatından sonra ilkin dövrdə yeni rəhbərin 1-2 qısamüddətli və 1 uzunmüddətli hədəf üzərində fokuslanmasında çıxış yolunu görürəm. Nəticədə, həmin şəxs qısamüddətli hədəflərin icrası hesabına özünü tez zamanda doğrulda biləcək. Sonrakı dövrdə isə rəhbərin diqqət mərkəzində, əsasən, uzunmüddətli strateji hədəflərin olması şərtdir. Təbii ki, təsvir olunan hər bir vəziyyətdə tətbiq oluna bilən universal resept deyil, amma əksər hallarda effektiv ola biləcək bir yanaşmadır.