blogpost-title

Management

Xaos mənbəyi – rəhbər

Author: Shahin Gadimli (shahin.gadimli@fcg.az)

Milli biznesimizin əsas dərdlərindən biri sistemsizlik və onun doğurduğu xaosdur. Bundan ən çox şirkətləri birbaşa idarə edən sahibkarlar və muzdlu idarəçilər əziyyət çəkirlər. Sistemsizlik idarəetmənin effektivliyini aşağı salır, yəni eyni nəticənin əldə olunması üçün artıq səylər tələb edir, müəyyən mərhələdən sonra biznesin böyüməsinə imkan vermir və sair mənfi fəsadlara səbəb olur.

Problemi dərk edən şirkət rəhbərliyi onu aradan qaldırmağa cəhd edir. Bəzən idarəetmə sisteminin qurulmasına baxmayaraq xaos davam edir və təəccüblü səslənsə də, bunun səbəbi ondan ən çox əziyyət çəkən elə rəhbərin özü olur. Təbii ki, o bunu qəsdən etmir. Adətən, həmin şəxs şirkətdə ən məlumatlı adam olur, bütün məsələlərə qlobal baxışı olur və inkişaf etmiş qərarvermə bacarığına malik olduğuna görə onun üçün bütün məsələlərin həlli “iki vur iki” qədər sadə olur və o hər şeyin qısa zamanda və şirkət üçün ən doğru formada həll olunmasını istəyir. Sistem isə ağlabatan bürokratiyanı nəzərdə tutur və qlobal vaxt qənaətinə səbəb olsa da, bəzi lokal məsələlərin daha aşağı sürətlə həllinə gətirir. Bu vəziyyətlə qarşılaşan rəhbər işin operativ və ən optimal istiqamətdə getməsi üçün qurulmuş sistemin tələblərini pozaraq məsələlərin həllinə müdaxilə edir: subordinasiyaya riayət etməməklə kommunikasiya qaydalarını pozur, konkret halda daha optimal nəticəni əldə etmək naminə təsdiqlənmiş iş axınlarını, standartları gözləmir və s. Bunların hamısı daha yüksək mənfəət, məmnun müştəri naminə, yəni ən xoş niyyətlə edilir və çox zaman konkret halda da həmin nəticəyə gətirib çıxarır. Lakin bir neçə dəfə belə vəziyyət təkrarlandıqdan sonra əməkdaşlar da qaydaları pozmağa başlayır, səlahiyyətləri çərçivəsində qərar verməkdən yayınır, dəyişən iş standartlarında çaşırlar və şirkətdə xaos yenidən hökm sürməyə başlayır.

Qurulmuş korporativ idarəetmə sisteminin effektiv işləməsinə nail olmaq üçün rəhbərlərin bir az səbirli olmağı, onun bütün tələblərinə mütləq riayət etməyi lazımdır və ilk axsamalardan sonra “sistem şirkətimizdə işləməz” fikrinə təslim olmamağı vacibdir. Sistemli işləyə bilməyən şirkət yoxdur. Sadəcə sistemli idarə edə bilməyən rəhbərlər var.