blogpost-title

Management

Corporate culture

Yaxşı işləməyin qurbanı

Author: Shahin Gadimli (shahin.gadimli@fcg.az)

Bəzən paradoksal situasiyalarla qarşılaşmaq olur. Uyğun vakansiya olduqda belə, vəzifə yüksəlişinə layiq işçi həmin vəzifəyə təyin olunmur ki, cari işini onun kimi yaxşı heç kim görməyəcək. Rəhbərlik başa düşür ki, ən uyğun namizəd həmin yaxşı işçidir. Paradoks ondadır ki, onun vəzifə yüksəlişinə əsas maneə yaxşı işləməsidir. Adam bəzən o dərəcədə məsuliyyətli və ya həcmi işi bacarıqla görür ki, rəhbərlik onu əvəz etməyə risk etmir.

Bir müddətdən sonra işçi özündən zəif işçilərin irəli getdiyini görür. Bəzən elə olur ki, həmin zəif işçilər güclü işçinin rəhbəri təyin olunurlar. Motivasiyasına belə zərbədən az adam özünə gələ bilir. Belə vəziyyətlə qarşılaşanlar fərqli davranır. Çox nadir hallarda işçi başını salıb eyni qaydada işinə davam edir. Daha çox olur ki, həmin əməkdaşın iş göstəriciləri aşağı düşür. Bəziləri özlərində səhvi axtarmağa çalışırlar, onların özlərinə güvəni itir. Real vəziyyəti anlayanlar isə onunla barışmayıb şirkətdən ayrılırlar və “xoşbəxtliyi” başqa qurumlarda axtarırlar.

Rəhbərliyin bu cür davranışı qeyri-etik və qeyri-peşəkardır. İşçiləri yetişdirmək və onların inkişafına dəstək olmaq rəhbərin birbaşa vəzifəsidir. Rəhbər bu öhdəliyi həm işçi, həm özü, həm də şirkət qarşısında daşıyır. Haqqı olan işçiyə qarşı qeyri-ədalətli davranışın yekununda hər üç tərəf uduzur. Məsələnin etik tərəfi ilə yanaşı “ulduz” işçidən özünü və müəssisəsini asılı vəziyyətə salan rəhbər özünün birbaşa vəzifələrini yerinə yetirməyib, biznesin davamlığını da təmin etmir. Axı əməkdaşın cari gördüyü işdən ayrılmasının səbəbi tək vəzifə yüksəlişi yox, xəstələnməsi, şirkətdən getməsi və sair ola bilər. Qeyd olunan qaydada davranan rəhbər isə özünə əziyyət verib ehtiyat kadr yetişdirmək istəmir.