blogpost-title

Менеджмент

Коммуникации

Корпоративная культура

Оптимизация

Əməkhaqqı artımı istəyi

Автор: Шахин Гадимли (shahin.gadimli@fcg.az)

Əksər şirkətlərimizdə əməkhaqqı artımı qaydaları mövcud deyil. Belə vəziyyətdə işçilər özləri üçün “gün ağlamağa” məcbur qalırlar. Beləliklə, işçi cəsarətini toplayıb rəhbər qarşısında əməkhaqqı mövzusunu qaldırır. Uzun müddət eyni əməkhaqqı ilə çalışdığı, qiymətlərin artdığı, gördüyü iş həcminin aldığı məvaciblə qeyri-mütənasibliyi gətirilən ənənəvi dəlillər arasında yer alır. Bəzən hətta həmkarların aldıqları daha yüksək əməkhaqqına istinad edilir. Ənənəvi ssenaridə bu görüşdən sonra əməkhaqqı artmır. Burada müxtəlif səbəblər göstərilə bilər. Qərarın daha yuxarı rəhbərlikdən asılı olduğu, şirkətin cari durumunun buna imkan vermədiyi, müəyyən müddət gözləmək lazım olduğu bildirilir. Tanış gəlir? Hiyləgər rəhbərlər yanlış ümid verməkdən də çəkinmir. Açığı, bəzən işçi də başa düşür ki, ümid yoxdur, amma ümidini itirməmək naminə aldanmağa etiraz etmir. Həm də rəhbərin əməkhaqqını artırmaqdan imtina üçün gətirdiyi əsasların real olması da istisna deyil.

Əməkhaqqı artımı müraciətinin müvəffəqiyyətli olması üçün sadə bir tövsiyə var. Bu mövzunu qaldırarkən rəhbərinizə artım müqabilində şirkət üçün hansı əlavə və faydalı işləri öhdənizə götürməyə hazır olduğunuzu izah edin. Praktikada göstərilir ki, belə yanaşma ilə əməkhaqqı artımı şansları dəfələrlə artır. Rəhbərlər də bu reseptdən istifadə edə bilər. Əgər işçi əlavə iş həcmi təklif etməyib artım üçün uyğun olmayan əsasları gətirirsə, həmin təklifi rəhbər özü verə bilər və ya belə təklif barədə işçinin düşünüb təkrar müraciət etməsini məsləhət görə bilər. İşçinin artıq qazanmaq istəyi təqdirəlayiqdir və bundan hər iki tərəf üçün əlverişli istifadə etmək olar.